İdman

“Huner Group”un təsisçisi Oqtay Abdullayevi tanımır? – Tovuz futbolunun əsas problemi

Min dəfə demişəm, min birinci dəfə də deyirəm: Azərbaycanda heç bir şirkətin futbola ianə etmək öhdəliyi yoxdur. Futbol, bütün dünyada biznesdir. Bu sahəyə yatırım qoyan, sponsorluq etmək istəyənləri də yalnız bir şey maraqlandırır: gəlir əldə etmək.

Böyük şirkətlərin sosial öhdəliyi var. O cümlədən Azərbaycanda da. Məsələn, Azərbaycanda böyük şirkətlər şəhid ailələrinə, qazilərə, imkansız ailələrin təhsil alan uşaqlarına yardım etməlidirlər.

Amma futbol “sosial öhdəlik” kimi heç bir şirkətin boynuna qoyulmamlıdır. Axı ayda 5-10 min manat məvacib alan “Turan Tovuz”un futbolçularına “Huner Group” niyə pul ayırmalıdır? Niyə o pul, məsələn, ayda 350 manat məvacib alan Qarabağ müharibəsi veteranına verilməmlidir? Yəni “Huner Group”un sosial öhdəliyi varsa, o veterana yardım etməsi daha savab olmalıdır.

Başa düşürəm, “Huner Group”un təsisçisi Tovuzdandır. Adamın haqq-nahaq, boynuna qoyurlar ki, doğma rayonunun komandasına pul ayırmalısan. Olsun, ayırsın, amma bu pul Oqtay Abdullayev kimi bir kadra heç bir halda verilməməlidir axı.

“Huner Group”un təsisçisi Ehtiram Quliyev deyib ki, uşaq futboluna diqqət ayıracağıq. Mən onun səmimiyyətinə inanıram. Və eləcə inanıram. Amma ona inanmıram ki, tovuzlu uşaqlar o qayğını görəcəklər.

Vallah görməyəcəklər, billah görməyəcəklər. Ehtiram müəllim, siz Oqtay Abdullayevi tanımırsınız? Tanımırsınızsa, mən tanıdım: Bu adam AFFA-nın sabiq baş katibi, “istedadlı dələduz” Elxan Məmmədovun sağ əlidir. Elxan Məmmədovun caynağı hələ də Azərbaycan futbolundan qoparılmayıb. Məmmədov Oqtay Abdullayev vasitəsilə Azərbaycanda futbol veteranlarını susdurmaq üçün saysız-hesabsız unikal planlar reallaşdırıb. Belələri olan sahəyə də adam pul gətirər? Özü də uşaqlar üçün?

Elxan Məmmədovla Oqtay Abdullayev birlikdə bilirsiniz nə qədər maxinasiya törədiblər? Elə bir “unikal maxinasiya” Tovuz stadionu, guya orada tikilən futbol akademiyası. 4 milyon yoxa çıxıb bu maxinasiyada, cəmisi 400 min manat xərcləyiblər. Kimdə var belə istedad?

Tovuzda stadiona süni örtük çəkdirən adamlara pul etibar etmək olar, Ehtiram müəllim?

Nə isə… Qoy əhli-Azərbaycan Turan-Tovuz”a sponsor tapılmasını bayram etsin. Qoy “Huner Group”un təsisçisi səmimi qəlbdən inansın ki, ayırdığı vəsaitdən tovuzlu uşaqlara pay çatacaq. Amma icazə verin, mən şübhə edim. Şübhə edim ki, yenə də quzunu qurda tapşırdılar.

Natiq Muxtarlı

aut.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button