ManşetSiyasət

“Məhkəmə-hüquq sisteminin davamlı inkişafı dövlət siyasətimizin prioritetlərindəndir”

“Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olub. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir. Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu vardır. Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir”.

Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı qeyd edib ki, müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir:

“Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə, məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır”.

Bənzər yazılar

Back to top button