İqtisadiyyat

İcra başçısının qanunsuz sərəncamı və külli miqdarda mənimsəmə – Səhmdarlar etiraz edir

Salyanda səhmdarlarla “Salyan Avtovağzal” ASC rəhbərliyi arasında məhkəmə çəkişməsi davam edir.
Dövlət Vergi Xidmətinin keçirdiyi yoxlama isə ASC-də 43 min manat vergidən yayınma qeydə alıb və ASC 22 min manat cərimə olunub.
Bu barədə “Arqument.az”a səhmdarlardan Valeh Əliyev məlumat verib.
Onların sözlərinə görə, Şirvan Kommersiya Məhkəməsi son iclasında Avtovağzal ərazisindəki 50-dən çox ticarət mağazalarının icarə qiymətlərinin bugünkü bazar qiymətlərinə uyğun olub-olmamasını araşdırmaq üçün qərar qəbul edib.
Bu iş Bakı şəhəri, Nizami küçəsi 203-də yerləşən “Premium” Qiymətləndirmə MMC-yə tapşırılıb.
Səhmdarların səlahiyyətli nümayəndəsi Valeh Əliyev deyir ki, dekabrın 27-də “Premium” MMC-nin direktoru Ədalət Şirinov ona zəng edib və görüləcək işə görə 1500 manat zəhməthaqqı tələb edib.
Valeh Əliyev bu ödənişi verməkdən imtina edib. Bildirib ki, bu barədə nə məhkəmə qərarı var, nə də ki qanunun tələbi: “Ədalət Şirinov isə bildirdi ki, əks halda araşdırmanı gecikdirəcək. Elə arayış yazacaq ki, məhkəmə onun arayışı əsasında qərar qəbul edəcək. Yəni qısaca dedi ki, uduzacaqsınız. Soruşanda ki, bəs məbləğ niyə belə çoxdur? Direktor dedi ki, bəs ərazi böyükdür, ərazidə 50-dən çox  ticarət obyekti var, işin həcmi çoxdu”.
“Premium” MMC-nin arayışı
 
Əliyev qeyd edib ki, istirahət günü olmasına baxmayaraq, Ədalət Şirinov öz kabinetində səhmdarların nümayəndəsindən  1500 manatı alıb. Pulu alandan sonra isə məhkəməyə həqiqətəuyğun olmayan akt təqdim edib.
Valeh Əliyev qeyd edib ki, bu araşdırmada saxtakarlığa yol verilib: “Arayışda cəmi 4 mağzada və 8 kiçik həcmli köşkdə bazar qiymətindən qat-qat aşağı qiymətlə qiymətləndirmə aparıb. Qalan ticarət obyektlərini isə arayışa salmayıb. Belə ki, Salyan şəhərinin ən böyük ticarət mərkəzində, məsələn, 16,2 kvm sahəsi olan mağaza aylıq 100 man dəyərində qiymətləndirilib”.
 
“Premium” MMC-nin arayışı
Onun sözlərinə görə, paralel olaraq 5 saylı Ərazi Vergi İdarəsi “Salyan Avtovağzal” ASC-də belə bir araşdırma aparmaq üçün  “MBA LTD” Konsaltinq şirkəti ilə müqavilə bağlayıb.
Aşağıdakı cədvəldə fərqə baxın: 
 
“MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin arayışı
Göründüyü kimi, iki ayrı-ayrı şirkət eyni ərazidə qiymətləndirmə aparıb, amma fərq 100 000 -dən çoxdur.
Valeh Əliyevin sözlərinə görə, səbəb odur ki, “Premium” rəhbərliyinin ikinci yoxlamadan xəbəri olmayıb: “Sual olunur: saxta bir arayış üçün məndən 1500 manat alan “Premium” rəhbərliyi, görəsən, nə qədər zəhməthaqqı alıb?”
Səhmdarların nümayəndəsi bildirir ki, məsələ ilə əlaqədar Baş Prokurora müraciət edib: “Qoy araşdırılsın ki, “Premium”un rəhbərliyi qanunun hansı tələbinə görə zəng edib səhmdardan 1500 manat alıb? Bunun üçün nə məhkəmə qərarı olub, nə də tərəflər arasında müqavilə”.
Valeh Əliyev deyir ki, bu məsələni məhkəmədə də qaldıracaq: “Xüsusu qərardadın qəbul edilməsini tələb edəcəyəm ki, “Premium”un saxtakarlığını araşdırmaq üçün Prokurorluğa müraciət edilsin”.
O, Salyanın icra başçısı Sevindik Hətəmovu da qanunsuzluqda ittiham edib: “Əsas quşu isə gözündən Salyanın icra başçısı Sevindik Hətəmov vurub. Sevindik Hətəmov “Avtovağzal” ərazisində qanunsuz inşa edilmiş  və 25 ilə yaxındır ki, icarəyə verilmiş mağazalarla bağlı qanunsuz sərəncam verib. O, 25.09.2020-ci ildə “Salyan Avtovağzal” ASC-nin səhmlərinin 84%-nin sahibi olan Nurəddin Məlikova mağazaların rəsmiləşdirilməsinə icazə verilməsi barədə 109 saylı sərəncam imzalayıb. Bu sərəncam qanunsuzdur, çünki belə bir sərəncamın verilməsi üçün bütün səhmdarların, eləcə 14,1 səhmlərin sahibi olan bizim razılığımız yoxdur. Halbuki mən məhkəmə ərəfəsində rəsmən Salyan icra başçısına müraciət etmişdim. Onun rəhbərlik etdiyi rayonda “Salyan Avtovağzal” ASC-də külli miqdarda gəlirlərin mənimsənilməsi və vergidən yayınma faktlarının olması barədə məlumat vermişdim”.
Səhmdar bildirib ki, icra başçısı bu qanunsuz sərəncamın verilməsinə aydınlıq gətirməlidir: “İcra başçısı Nurəddin Məlikovu məsuliyyətdən yayındırma üçün qanunsuz sərəncam verir. Sizcə, niyə? Sevindik Hətəmov öz fəaliyyətinə də yaxşı nəzər salmalıdır. Bu rayonun necə idarə olunması göz qabağındadır. Rayon rəhbərliyinin qazilərə münasibətindən də aydın olur ki, Salyanda idrəetmə hansı səviyyədədir. İcra Hakimiyyəti tələblərinə etinasız yanaşdığına görə bir qazi özünü polis şöbəsinin qarşısında yandırıb, biri isə özünü Kürə atıb. Bəs başçı kimə qayğı göstərir? İndinin özündə belə qazilər rayon rəhbərliyinin etinasızlığından şikayət edir. Yaxşı olardı ki, Sevindik Hətəmov bu məsələlərə vaxt ayırsın”.
“Mən bir də tələb edirəm “Salyan Avtvağzal” ASC-də dövlətdən oğurlanan, mənimsənilən vəsaitlər dövlət büdcəsinə qaytarılsın. Bizim mənimsənilən vəsaitlərimiz isə Orduya Yardım Fonduna keçirilsin”, – deyə Valeh Əliyev qeyd edib.
Məsələ ilə bağlı  “Salyan Avtovağzal” ASC-nin rəhbəri Nurəddin Məlikovdan və Salyan Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button