Siyasət

Yerevan Bakının sonuncu təkliflərinə cavab hazırlayır

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni və Azərbaycan tərəfindən bu yaxınlarda aldığı təkliflər üzərində işləyir. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan bildirib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini vaxtaşırı bir-birinə təqdim edir. Bu yaxınlarda Azərbaycan öz təkliflərini Ermənistana göndərib. “Ermənistan bu təkliflər üzərində işləyir. Təkliflərimiz hazır olduqda Azərbaycana göndəriləcək”, deyə Ermənistan KİV-ləri Xandanyandan sitat gətirir.

RF XİN-in Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovaevin səfərinin yekunlarına toxunan komissiya sədri deyib ki, Ermənistan hökumətinin nümayəndələri Xovaevlə Laçın dəhlizi, təhlükəsizliyin təmin edilməsi məsələlərini və Ermənistanın xarici siyasətinin bütün aspektlərini müzakirə ediblər.

Qeyd edək ki, hələlik nə Bakı, nə Yerevan sülh müqaviləsi ilə bağlı son təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.

İlkin olaraq Bakının təklifi ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, sərhədlərin demarkasiyasını, gələcəkdə iddialardan imtina edilməsini, diplomatik münasibətlər qurulmasını ehtiva edirdi. Yerevan bu şərtlərlə sülh müqaviləsini imzalamağa razı olduğu barədə cavab verib, amma müqaviləyə Qarabağın statusu haqqında bənd daxil etməyi tələb edib. Bakı bu tələbi qəbul etməyib.(Turan)

Bənzər yazılar

Back to top button