HadisəManşet

Uzun müddət zəlzələnin olmaması təhlükəlidir. Deməli, fəlakət gözlənilir

6 fevral 2023-cü ildə Türkiyə və Suriyada baş verən və iki ölkədə 25 mindən çox adamın ölümünə səbəb olan 7,9 maqnitudalı zəlzələ yenidən suallar doğurur: Yerin fəlakətli sarsıntıları nə zaman və harada baş verir? Statistika növbəti fəlakətləri proqnozlaşdıra bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, zəlzələlərin qısamüddətli proqnozu mümkün deyil, Yer qabığının istiqamətləndirilmiş hərəkətlərini süni şəkildə yaratmaq olmaz.  O xatırladır ki, zəlzələləri təhlil edərkən ən yaxşısı ən güclü təkanlardan danışmaqdır, çünki kiçik amplitudalı zəlzələlər həmişə baş verir. Fevralın 6-dan sonra Suriya və Türkiyədə daha 100 yeraltı təkan-afterşoklar baş verib ki, bunlar çox sayda adamın ölümünə səbəb olmayıb. Həmçinin təhlilə əsas kimi qurbanların sayını götürmək düzgün deyil, çünki zəlzələlər az məskunlaşmış və ya adam olmayan yerlərdə baş verə bilər.

Turan son əsrdə Yer planetində baş vermiş zəlzələlərin cədvəlini hazırlayıb, aşağı hədd kimi Rixter şkalası üzrə 7 ballıq həddi götürüb. Sovet oxucularının yaddaşında qalan 26 aprel 1966-cı il Daşkənd zəlzələsi (5.2 bal) bu siyahıya düşməyib.

Tarix Yer Maqnituda (bal) Qurbanlar (adamların sayı)
1. 1 sentyabr 1923 Tokio 7,9 143 000 nəfər həlak olub
2. 6 oktyabr1948 Aşqabad, SSRİ 7,3 110 000
3. 15 avqust 1950 Assam, Tibet Hindistan, Çin 8,6 bal 4.800-ə yaxın həlak olan
4. 4 noyabr 1952 Kamçatka və Kuril, SSRİ 9,0
5. 22 may 1960 Valdiviya, Çili 9,5
6. 27 mart 1964 Alyaska, ABŞ 9,2
7. 4 fevral 1965 Siçovul adaları, Alyaska, ABŞ 8,7
8. 28 iyul 1976 Tanşan, Çin 242 419 8,2 Qeyri-rəsmi məlumatlara görə, 655 000-dən çox adam ölüb
9. 7 yanvar 1988 Spitak (Ermənistan) zəlzələsi 6,8-7,2 25 min nəfər həlak olub
10. 17 avqust 1999 İzmit (Türkiyə) zəlzələsi 7,6 17 min nəfər həlak olub
11. 26 dekabr 2004 Hind okeanı, Sumatradan İndoneziya, şimala doğru 9,3 230 210 nəfər həlak olub,  əsas ziyan sunamidən qaynaqlanır
12. 28 mart 2010 Sumatra, İndoneziya 7,7 500-ə yaxın həlak olan
13. 27 fevral 2010 Maule, Çili 8,8 600 həlak olan
14. 12 yanvar 2010 Port-о-Prens,  Haiti Respublikası 7 222 570 həlak olan
15. 11 mart 2011 Senday, Yaponiya 9 19 747 həlak olan

Dərhal nəzərə çarpır ki, Alyaska istisna olmaqla, Avropa qitəsi, ABŞ və Kanada, eləcə də Afrika qitəsi “rahat yata bilər”, çünki orada baş verən yeraltı hadisələr o qədər zəifdir ki, elmi geodeziya ədəbiyyatında az bəhs olunur.

Bu mənada Azərbaycanın bəxti gətirib. Son yüzillikdə ən güclü zəlzələ 25 noyabr 2000-ci ildə Bakıda baş verib, evlərin uçmasından 2 nəfər həlak olub. İki təkanın amplitudası 6,8 baldan çox olmayıb.

Ancaq Azərbaycanın yanında İran,  sonra Türkiyə yerləşir ki, burada zəlzələlər tez-tez baş verir və  əhali arasında böyük itkiyə səbəb olur. Bu fakt dünya tektonik qırılma xətləri haqqında məlum nəzəriyyəni təsdiqləyir. Azərbaycan ərazisindən ölümcül qırılma xətləri keçmir.

Rusiyanın böyük bir hissəsi də sakit bir müstəvidə yerləşir. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin direktoru Yuri Vinogradov deyir ki, Rusiyada təhlükəli zonalar Kamçatka, Kuril, Saxalin, Baykal, Altay-Sayan diyarı və Qafqazdır. “Bunlar zəlzələlərin baş verdiyi ən əsas zonalardır”.

Zəlzələlərin müvəqqəti xüsusiyyətlərini nəzərdən keçirərkən qeyd etmək olar ki,  1923-cü ildən 2023-cü ilə qədər uzun sakit interval ötən əsrin otuzuncu və qırxıncı illəri olub: 23-48-ci illər arasında planetdə təsirli təkanlar olmayıb. Daha uzun sakit dövr isə 1965-1978-ci illərdəki zəlzələlər arasındakı illər olub.

2010-2011-ci illərdə isə gücü 7 baldan çox olan dörd zəlzələ baş verib.

2011-ci ildən sonra 12 il güclü zəlzələ olmayıb ki, bu da alimlərə qaçılmaz fəlakət barədə xəbərdarlıq etməyə əsas verib, çünki Yer qabığında meqaplitələrin hərəkəti həmişə baş verir, onlar bir-birinin üstünə çıxırlar. Əgər uzun müddət zəlzələ olmayıbsa, deməli, güclü təkanlar yaxınlaşır. Bu, fevralın 6-da Türkiyə və Suriyada baş verdi. Son zəlzələdən əvvəl yanvarın 28-də İranın şimal-qərb hissəsində 5,9 bal gücündə təkanlar baş verib. Suriya və Türkiyədə baş verən zəlzələdən 2 gün sonra, fevralın 8-də Yaponiyada Sakuradzima vulkanı püskürüb.

Bu, tektonik dəyişikliklərin və uyğunsuzluqların qlobal olduğunu göstərir. Türkiyə və Yaponiya arasındakı məsafə Avrasiya qitəsi və Hind okeanı boyunca 8,5 min kilometrdir, lakin planet onun vahid və canlı orqanizm olduğunu xatırladır.

Seysmik aktiv zonada zəlzələlərin uzun müddət olmaması mütləq yaxınlaşan təhlükəni göstərir. Vinoqradov bildirir ki, Rusiyada kifayət qədər uzun müddət zəlzələ olmayıb, deməli, “yaxın vaxtlarda nəsə olacaq”. Vinoqradovun sözlərinə görə, 9 maqnitudalı güclü təkanlar orta hesabla 5-7 ildə bir dəfə, 8 bal ildə iki-üç dəfə baş verir.

“Ancaq demək istəyirəm ki, son dörd ildə bizim seysmik fəallığımız bir qədər azalıb. Planetdə seysmik enerjinin ayrılması bir qədər azalıb. Bizdə hər şey orta səviyyəyə can atdığından, güman etməyə əsas var ki, yaxın beş ildə seysmik fəallıq orta səviyyədən bir qədər yüksək olacaq və müvafiq olaraq zəlzələlərin sayı bir qədər artacaq. Amma ən güclü zəlzələnin harada baş verəcəyini dəqiq deyə bilmərəm”, – Vinoqradov şərh edib.

Qurban Yetirmişli isə Türkiyə və Suriyadakı hadisələrdən sonra qorxmuş jurnalistlərin suallarını cavablandırarkən onları sakitləşdirib, tezliklə Azərbaycanda zəlzələnin baş verəcəyinə dair simptomlar barədə məlumatının olmadığını deyib.

Kamal Əli

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button