Siyasət

Bəxtiyar Hacıyevin səhhəti ağır olaraq qalır – vəkil

“Bəxtiyar Hacıyevin səhhəti çox pisdir”, bu barədə Turan-a vəkil Aqil Layıc bazar ertəsi 1 saylı Bakı İstintaq Təcridxanasında fəalla görüşdükdən sonra bildirib.

Onun sözlərinə görə, Hacıyevin çəkisi 68,3 kq-a qədər azalıb, nəbzi dəqiqədə 68-dir, arterial təzyiqi isə stabil-aşağı olaraq qalır.

“Həkimlər ona məcburi olaraq sistem qoşmaq istəyiblər, amma o, qəti şəkildə imtina edib. Bəxtiyar huşunu itirənə qədər heç kimin onun orqanizminə müdaxilə etmək hüququna malik olmadığını deyib”, deyə Layıc bildirib.

Bazar günü Ombudsman Aparatının nümayəndələri Müalicə Müəssisəsində Hacıyevə baş çəkiblər. Onlar arasında həkim və psixoloq da olub. Hacıyev onlara bildirib ki, azad edilənə qədər aclığı dayandırmayacaq.

Müdafiə tərəfi Hacıyevin ev dustaqlığına köçürülməsi haqqında yeni vəsatət verib.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Bənzər yazılar

Back to top button