İqtisadiyyat

“Bakıda bina tikənlərin çoxunun inşaat barədə məlumatları belə yoxdur” – Seysmoloq narahatdır

Türkiyədə baş verən zəlzələ diqqəti Azərbaycanın inşaat sektoruna yönəldib. Artıq neçə gündür ki, xüsusilə, Bakıda tikilən yaşayış binalarının zəlzələyə davamlı olub-olmaması müzakirə mövzusuna çevrilib. Mütəxəssislər isə bildirir ki, diqqət yalnız binaların davamlılığına fokuslanmamalıdır. Başqa problemlər də var ki, onlar da zəlzələ zamanı ciddi fəsadlar törədə bilər. Əsasən binalarda özbaşına rekonstruksiya işlərinin aparılması, birinci mərtəbələrdə mənzillərin mağaza və ofislərə çevrilməsi ilə bağlı məsələlələr önə çəkilir.

Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Qaynarinfo-ya bildirib ki, Bakıda tikilən binalarla bağlı vəziyyət ürəkaçan deyil:

“Məsələ burasındadır ki, Bakı daxili miqrasiya hesabına genişlənib. Bu zaman isə tikintilər standartlara uyğun aparılmayıb. Mən hələ “naxalstroylardan” danışmıram. Bu da ciddi problemdir. Bu gün hər kəs yeni binalara diqqət edir. Amma zəlzələ yalnız yeni və yaxud hündürmərtəbəli binalar üçün xarakterik olan təbiət hadisəsi deyil. Zəlzələ baş verəndə birmərtəbəli evlər də dağıla bilər. Yəni, bu məsələlərə ciddi fikir verilməlidir. Qaldı ki, yeni tikilən binalara, açığı, həmin binaları inşa edənlərin əksəriyyəti bu sahəyə nabələd adamlardır. Mən bunun şəxsən şahidi olmuşam. Yaxınlar üçün ev almaq istəyəndə söhbət etmişəm və görmüşəm ki, bu adamların tikintidən anlayışları yoxdur”.

Ənvər Əliyevin sözlərinə görə, Azərbaycan nəhəng seymsik qurşağın bir hissəsidir. Ona görə də ölkəmiz zəlzələdən sığortlanamayıb. O, həmçinin qeyd edib ki, 1979-cu ildə seysmoloqların tərtib etdiyi xəritəyə əsasən Bakı 8-9 ballıq seymsik zonada yerləşir:

“Bu baxımdan, Bakıda binalar ən azı 8 ballıq zəlzələyə davamlı olmalıdır. İndi bilmirəm yeni binalar davam gətirə bilər, ya yox. Sovet dövründə tikilən binalar 7-9 ballıq zəlzələyə davamlı idi. Həmin binalar 2000-ci ildə baş verən zəlzələ zamanı sınaqdan çıxdılar. Düzdür, zəlzələ 30 saniyə çəkdi, amma hər halda həmin binalarda çat yarana bilərdi. Yeni binalara gəlincə, bayaq dediyim kimi, ən ciddi problem onların inşasının mütəxəssislər tərəfindən həyata keçirilməməsidir. Şəxsən mənə deyiblər ki, tikinti zamanı ciddi pozuntulara yol verilib. Bu da bina tikən şirkətlərin ixtisaslı olmaması ilə bağlıdır. Başqa səbəblər də var. Məsələn, yaxınlıq, qohumluq prinsipləri ilə iş görmək. Bu, inşaat sektorundan da yan keçməyib”.

Müsahibimiz deyib ki, bu mövzu barədə danışarkən vahimə yaratmaq deyil, maarifləndirmə işləri aparılmalıdır.

“İnsanlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Onlara zəlzələ zamanı nə etmək, harada dayanmaq və s. barədə maarifləndirici bilgilər verilməlidir. Bundan başqa, sığınacaqlar olmalıdır. Bu gün yeni tikilən binaların həyəti çox dardır, daldalanmağa yer belə yoxdur. Ona görə də hesab edirəm ki, Bakının xəritəsi hazırlanmalı, məktəblərdən tutmuş ictimai iaşə obyektlərinə qədər həmin xəritədə qeyd edilməli və bu xəritə əsasında zəlzələ zamanı insanların harada daldalanacağı bildirilməlidir. Yəni, tutaq ki, hansısa anormal yerdə tikilən binanın sakinləri yaxınlıqda məktəb varsa, onun həyətinə, nə bilim çayxana varsa, ora və s. yerləşdirilməlidir. Daha doğrusu, fəlakət zamanı onlara bu barədə bildirilməlidir. Çünki insanlar həmin zaman qorxu və təşviş içində olur, nə edəcəklərini, hara qaçacaqlarını düşünə bilmirlər”, deyə Ənvər Əliyev bildirib.

Bənzər yazılar

Back to top button