İqtisadiyyatManşet

Hakimiyyətin pensiya fırıldağı: Azərbaycan pensiyaya çıxma yaşına görə də MDB-nin lider ölkəsidir

Sosial Müdafiə Fondu artıq uzun illərdir manatın alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında MDB ölkələri+Gürsüstanda orta və minimum pensiya məbləğlərinin reytinqini hazırlayır.

Uzun müddətdir Azərbaycanın hər 2 göstərici (minimum və orta pensiya) üzrə lider olduğu mediada da tirajlanır.
Məsələn, qurumun son hesablamasına görə nominal məzənnə (1 USD=1,7 manat) ilə minimum pensiya 165 dollar, orta pensiya 249 dollar olduğu halda, AQP-yə görə həmin göstəricilər müvafiq olaraq 424 və 599 dollardır.

Bunun sadə izahı odur ki, Azərbaycan pensiyaçısı cibində tutduğu pensiya məbləği ilə ABŞ-da eyni məbləğlərə alınan mal və xidmətlərdən ən azı 2,5 dəfə çox mal və xidmət ala bilir.

Sosial Fondun istifadə etdiyi bu metodologiyanın çox ciddi qüsuru var: manatın AQP əsasında real məzənnəsini pensiyaların, bütövlükdə əhalinin gəlirlərinin alıcılıq qabiliyyətinə münasibətdə istifadəsi yanlış yanaşmadır.
Çünki bu göstəricini Dünya Bankı ölkələr üzrə beynəlxalq dollar əsasında ÜDM-nin real həcmini müqayisə etmək üçün hesablayır.

Bankın “International Comparison Program” adlanan fəaliyyəti çərçivəsində hər bir ölkənin milli valyutasının alıcılıq qabiliyyəti hesablanır. Lakin bu göstəricinin bazasında ÜDM-ni təşkil edən minlərlə məhsul və xidmət dayanır.

ÜDM-ni formalaşdıran məhsul və xidmətlər isə təkcə istehlak deyil, həmçinin istehal təyinatlı məhsullardır. Üstəgəl, ÜDM bazasında real məzənnənin hesablanması yalnız ölkədaxili məhsul və xidmətlərə əsaslanır.
Halbuki sizin cibinizdəki pulun alıcılıq qabiliyyəti həm də idxal olunan malların qiymətindən asılıdır.
Əgər pensiyanın alıcılıq qabiliyyətini hesablamaq üçün obyektiv yanaşma istəyirsinizsə, insanların gündəlik ehtiyaclarını qarşılayan 50 adda məhsul və xidmətdən ibarət bir səbət düzəldin, bütün ölkələr üzrə eyni səbət əsasında alıcılıq qabiliyyətini hesablayın.

Daha bir vacib məqam: Azərbaycan əhalinin hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə, aşağı pillədə qərarlaşan ölkələr sırasındadır.

Məsələn, hazırda Azərbaycanda hər 1000 nəfər hesabı ilə 118 nəfərə pensiya ödənir. Amma bu göstərici Rusiyada 290, Belorusda 270, Ukraynada 265, Gürcüstanda 212, Moldovada 195, Ermənistan və Qazaxıstanda 155, Qırğızıstanda 122 nəfər təşkil edir.

Azərbaycan yalnız Tacikstan və Özbəkistandan öndədir pensiyaçı sayına görə.

Pensiyaçı sayının 2 dəfə az olması pensiya sisteminin maliyyə yükünün də 2 dəfə yüngül olması deməkdir. Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır.

Pensiyaçıların sayının az olmasının əsas səbəblərindən biri, heç şübhəsiz pensiya yaşı ilə bağlıdır. Hazırda Azərbaycan həm də pensiyaya çıxma yaşına görə də MDB-nin lider ölkəsidir.

Rövşən Ağayev, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button