İdman

“Bu, onun üçün “Qarabağ”da yaranan yaxşı bir şansdır”

“Həmişə olduğu kimi “Qarabağ”ı dəstəkləyirik. İnanıram ki, komanda bu dəfə də özünü doğruldacaq və “Gent”i keçərək azarkeşlərimizi sevindirəcək”.

Bu sözləri Qol.az saytına açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. O, Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” oyunu barəsində danışarkən Ağdam təmsilçisinin şanslarını dəyərləndirib: “Bu gün “Qarabağ”da mərhələni adlamaq üçün bu potensial, ruh mövcuddur. Bir sözlə, komanda o səviyyədədir ki, bu gün bizim çempionumuz, “Qarabağ”ımız hətta Avropada TOP-5 ölkələrinin komandalarına qarşı belə layiqli mübarizə apara bilir. “Qarabağ” avrokuboklarda hər zaman özünü ən yaxşı tərəfdən göstərən komandadır”.

Vaqif Sadıqov Kadi Borges və Kvabena Ovusunun “Qarabağ”dan gedişinin qarşıdakı matça mümkün təsiri ilə bağlı sualı cavablandırarkən söyləyib: “Biz bir şeyi başa düşməliyik ki, Kadi və Ovusunu Avropada tanıdan, onları bu səviyyəyə çatdıran komanda “Qarabağ”dır. Həmişə vurğulamışam ki, “Qarabağ” hansısa fərdlər üzərində qurulmayıb. Onlar bütov komanda olaraq çox güclüdür. Odur ki, komandadakı birlik hər bir rəqibə qarşı başabaş mübarizə aparmağa imkan verəcək”.

O, Ağdam təmsilçisinin hazırkı qapıçı problemini də dilə gətirib: “Nəzərə alsaq ki, son matçlarda Qurban Qurbanov Amin Ramazanova şans verib, deməli, baş məşqçi bu gənc qapıçıya inamla yanaşır. Bu, həm də Amin üçün yaranan yaxşı bir şansdır. Amin Ramazanov “Gent”lə oyunlarda öz adını böyük hərflərlə yazdıra bilər. Baş məşqçi tərəfindən hazırda bu qapıçıya ümid böyükdürsə, Amin Ramazanov da ona verilən ümidləri doğrultmağa çalışmalıdır”.

Vaqif Sadıqov “Qarabağ”ın yeni transferləri barədə də fikirlər səsləndirib: “Ən vacib olan bu transferlərin “Qarabağ”ın oyun üslubuna uyğun futbolçular olmasıdır. Onlar görüntü naminə transferlər həyata keçirmir. Əsas məqsəd “Qarabağ”ın gücünə güc qatmaqdır. Bunun ətrafında transfer siyasəti aparılır. Ovusu da, Kadi də, Andrade də ilk günlərdə özlərini istədikləri tərəfdən göstərə bilmirdilər. Ancaq oyundan-oyuna komandaya uyğunlaşaraq özlərinin ən yaxşı potensiallarını ortaya qoydular. İnanıram ki, yeni transferlər də eyni yolu keçəcək. Bu oyunçuları az bir müddətdə izləyə bildik. Lakin onlar nə qədər səviyyəli, keyfiyyətli oyunçu olduqlarını göstərə biliblər. Hesab edirəm ki, bu transferlər komandaya güc qataraq onun uğuru üçün çalışacaqlar”.

V.Sadıqov “Qarabağ”ın Konfrans Liqasında irəliləmək şanslarını belə şərh edib: “İlk gündən demişəm ki, “Qarabağ” öz oyunu ilə Konfrans Liqasının favoritidir. Sözümün üzərində də dururam. Nə qədər çətin olsa da, komanda finala qədər irəliləyə bilmək gücü var. “Qarabağ”ın bu yolu fəth etməyə gücü çatar. Biz də buna inanmalı, “Qarabağ”ı dəstəkləməli, onun ətrafında birləşməliyik. Komanda bizi hər oyunda sevindirməklə yolunu davam etdirəcək”.

Bənzər yazılar

Back to top button