Siyasət

Bəxtiyar Hacıyev 37-ci sutkadır aclığı davam etdirir

İctimai fəal Bəxtiyar Hacıyev 37-ci sutkadır aclığı davam etdirir. Bu barədə Turan-a fevralın 14-də Penitensiar Xidmətin müalicə müəssisəsində ona baş çəkən vəkil Fəxrəddin Mehdiyev bildirib.

“Bəxtiyar çox halsız idi, bütün bədənində şiddətli ağrıların olduğunu bildirdi. Arıqlamağa davam edir, hazırda 68,1 kiloqramdır (İstintaq Təcridxanasına gələndə 84,5 kiloqram olub).

Səhər analiz üçün qan nümunələri götürdülər, nəticələr hələ məlum deyil”, – vəkil bildirib.

Onun sözlərinə görə, Hacıyev nəfəs almağın çətin olduğu çox dar otaqda saxlanmasından şikayətlənir.

Vəkil onu da deyib ki, o, həbsxananın hospitalında olarkən Hacıyevin yanına Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gəliblər.

Onun sözlərinə görə, Hacıyev hələ də damcı yoluyla dərman qəbul etməkdən imtina edir və azad edilənə aclıq etmək niyyətindədir.

Bu gün Xətai məhkəməsində Hacıyevin ev dustaqlığına buraxılması barədə növbəti vəsatətə baxılacaq.

* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Bənzər yazılar

Back to top button