GündəmSiyasət

Azərbaycan və İranın baş prokurorları Tehranda səfirliyə hücum üzrə istintaqın gedişini müzakirə ediblər

Fevralın 13-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın baş prokuroru Kamran Əliyev ilə İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin telefon danışığı olub.

Onlar Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum işi üzrə istintaqın gedişini müzakirə ediblər. Bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Montazeri Azərbaycan səfirliyinə qarşı törədilmiş cinayətə görə “təəssüfləndiyini” bildirib.

Azərbaycan xalqına, zərərçəkənlərin ailələrinə başsağlığı verən İranın baş prokuroru istintaqın gedişi barədə azərbaycanlı həmkarına ətraflı məlumat verib.

Öz növbəsində, Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktını pisləyərək deyib ki, Azərbaycanın müvafiq istintaq orqanı öz təhqiqatını aparır.

O, İran tərəfinin cinayət işini tam və hərtərəfli araşdırmasının, cinayətin bütün iştirakçılarının müəyyənləşdirilməsinin və məsuliyyətə cəlb edilməsinin, terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Məlumata görə, tərəflər bu cinayət işinin nəzarətdə saxlanması və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq barədə razılaşıblar.(Turan)

Bənzər yazılar

Back to top button