İqtisadiyyatManşet

İqtisadçı: “ÜDM-in azalması tənəzzüldür”

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı azalıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkədə 9690,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olub.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azdır.

2022-ci ildə ölkədə 133.8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4.6 faiz çox ÜDM istehsal olunmuşdu.

Bundan əlavə, DSK bildirib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

İqtisadçı Qubad İbadoğlu bunu tənəzzül adlandırır və deyir ki, böyük ehtimalla fevralda da davam edəcək. Çünki fevralın 6-da zəlzələdən dərhal sonra Türkiyənin Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən neftin tankerlə daşınması dayandırılıb: “Neftin daşınması dünəndən bərpa edilib. Bu da ixracata təsirsiz ötüşməyəcək. Yanvarda iqtisadiyyatda, xüsusilə də neft-qaz ÜDM-ində enişin qeydə alınmasında heç şübhəsiz ki, bu ildən neft hasilatında azalma, Avropa bazarlarında neft-qaz qiymətıərinin ötən ilə nisbətən az da ucuzlaşması rol oynayıb”.

İqtisadçının fikrincə, digər səbəblər arasında yanvar ayında maaşların və pensiyaların artmamasına görə, əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsi, məcmu istehlakın azalması, inhisarçı şirkətlərin vergi ödəməməsinə görə büdcədən maliyyələşən dövlət xərcləmələrinin azalması, eləcə də iş yerlərinin bağlanmasımın çoxalması ola bilər: “Bu barədə yanvarın statistik göstəriciləri dərc olunandan sonra geniş təhlil aparmaq lazımdır”.

Bənzər yazılar

Back to top button