Dünya

ABŞ Rusiyanın Moldovada demokratik institutları sarsıtmaq cəhdlərini pisləyir

ABŞ Rusiyanın Moldovanın demokratik yolla seçilmiş hökumətində sabitliyi pozmaq məqsədi daşıyan planlarından dərin narahatlığını və ölkənin suverenliyinə dəstəyini ifadə edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Rusiyanın Moldovada və regionda məhvedici təsiri qədim tarixə malikdir…”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın sualına cavabda bildirib.

“Biz Moldovanın siyasi sabitliyini möhkəmləndirmək və Rusiyanın Moldovanın demokratik institutlarını sarsıtmağa yönəlmiş uzun müddət davam edən cəhdlərinə qarşı mübarizə aparmaq üçün bu ölkə ilə sıx əməkdaşlıq edirdik”, deyə o bildirib.

Vaşinqton Moldovanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. “Rusiyanın bu yaxınlarda Ukraynaya raket zərbəsi endirmək üçün Moldovanın hava məkanını pozması qəbuledilməz riskdir və Moldovanın suverenliyinə açıq-aşkar hörmətsizliyi nümayiş etdirir”, deyə Prays bildirib.

Ötən payızda ABŞ ölkədə demokratiyanı sarsıtmaq üçün Rusiya ilə əməkdaşlıq edən iki Moldova oliqarxına qarşı sanksiyalar tətbiq edib.

Bu həftənin əvvəlində prezident Mayya Sandu bildirib ki, Rusiya onun hökumətini sarsıtmaq və Aİ-yə daxil olmasına mane olmaq üçün xarici diversiyaçılardan istifadə etmək niyyətindədir.

Ukrayna prezidenti Vladimir Zelenski də ötən həftə onun xüsusi xidmətlərinin Rusiyanın “Moldovanı məhv etmək” planlarını ifşa etdiyini bildirib.

“Bu kritik dövrdə biz Moldovalı tərəfdaşlarımızla sıx əlaqə saxlayırıq. Moldova prezidenti Mayya Sandunu qətiyyətlə dəstəkləyirik və hökumət formalaşdıqdan sonra yeni baş nazir və kabinetlə əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik.

Biz əvvəlki kimi Moldovanın can atdığı Avropa gələcəyini qurmaq üçün zəruri olan siyasi, iqtisadi islahatların və antikorrupsiya islahatlarının keçirilməsində bu ölkəyə kömək etmək niyyətindəyik”, deyə Ned Prays bildirib.

Bənzər yazılar

Back to top button