Hadisə

Deputatlığa namizəd mandat qazanmaq üçün 888 manatlıq şam yandırdı – Bakıda ilginc olay

Bakıda qab yuyan işləyən “Katya” ləqəbli “ekstrasens” Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizədə qarşı da dələduzluq edib.

Qaynarinfo-nun məlumatına görə, Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizəd Xuraman Qədimovanı (soyad şərti) ekstrasenslik fəaliyyəti ilə məşğul olmasına inandıraraq, şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyini bildirib. Ekaterina Aleksandrovna “şər qüvvələrdən” təmizlənməsi adı ilə Xuraman Qədimovanın 2020-ci ilin yanvar ayında 300 manat dəyərində qab-qacaq, həmin dövr üçün 1190 manat təşkil edən 700 ABŞ dolları, 777 manat, 840 manat, 3400 manat, 1900 manat və digər məbləğlər olmaqla ümumilikdə 8231 manat pulunu ələ keçirib.

Ekaterina Aleksandrovna izahatında bildirib ki, Xuraman Qədimova evinə gəlib, o da şəkilə baxaraq, nə görübsə, onu deyib. Qeyd edib ki, Xuraman Qədimova ona deputat olmaq istədiyini və bunun arzusu olduğunu bildirib: “Bundan əvvəl bir dəfə də namizəd olub, amma seçilməyib. Xuraman xanım dedi ki, “nə etməliyəm yuxarı vəzifəli məmurlar məni görsün?” Mən də dedim ki, bu, alınan iş deyil”.

“Ekstrasens” bildirib ki, Xuraman Qədimova sırf “özünün təmizlənməsi” üçün ona 750 dollar verib, şamlara görə isə ona 888 manat ödəyib: “Xuraman xanımdan əlavə olaraq 2000 manat götürdüyümü də təsdiq edirəm. Digər məbləğlər olmayıb”.

2020-ci ilin fevral ayının 9-da keçirilən seçkilərdə namizəd olsa da, deputat seçilə bilməyən Xuraman Qədimova “ekstrasens” barəsində şikayətçi olub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

Back to top button