AnalitikaManşetSiyasət

Sülh prosesi destruktivizmin təzyiqi altında

Türkiyədəki zəlzələ Ankara və Yerevan arasında tərəflərin dinc şəkildə birlikdə yaşamasının qaçılmaz olmasını qəbul etməsi üzrə otuz ildir diqqətdən kənarda qalan layihənin irəlilədilməsi haqqında açıq dialoqun bərpa edilməsinin katalizatoru oldu.

Türkiyənin cənubundakı faciədən sonra Ermənistanın uzatdığı kömək əli Ankarada qəbul edilib və tərəflər yüksək səviyyədə həmrəylik və minnətdarlıq bəyanatları səsləndiriblər, bu da gizli müntəzəm dialoqun açıq səviyyəyə çıxması üçün siqnal olub. Bu, Yerevanın və Ankaranın iki ölkə arasında sülhün bərqərar edilməsi üzrə açıq prosesə başlamağa, o cümlədən bütün bu müddət ərzində Ermənistan-Türkiyə barışığına nail olunmasına mane olan müşayiətedici amil olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hazır olduğunu göstərə bilər.

Türkiyənin XİN başçısı Mevlüt Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra humanitar sahədə həmrəyliyin “Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi üçün təkan olacağına” ümid etdiyini bildirib.

“Ermənistanın Türkiyə və Azərbaycanla dialoqda irəliləyiş əldə etməsi regionda sabitliyə töhfə verəcək. Bizim üç ölkəmiz səmimi addımlar atarsa, biz Cənubi Qafqazda uzunmüddətli sülhə nail ola bilərik”, deyə Türkiyənin xarici işlər naziri bildirib.

Ermənistan və Azərbaycan iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesini intensivləşdirib. Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində, bu yaxınlarda Azərbaycan tərəfindən aldığı təkliflər üzərində işləyir.

Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan xatırladıb ki, Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətni ilə bağlı təklifləri bir-birinə təqdim edirlər. Bu yaxınlarda Azərbaycan öz təkliflərini Ermənistana göndərib.

“Ermənistan bu təkliflər üzərində işləyir. Bizim təkliflərimiz hazır olduqda Azərbaycana göndəriləcək”, deyə Xandanyan bildirib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh müqaviləsi ilə bağlı danışıqlar uzanıb, bunu Qarabağın ermənilər məskunlaşan hissəsini Azərbaycanın tərkibində tanımaq istəməyən Ermənistanın mövqeyi şərtləndirib. Sonradan Yerevan bu məsələdə özünü kənara çəkib, bunu Qarabağ ermənilərinə həvalə edib. Öz növbəsində, onlar, xüsusən erməni əsilli Rusiyalı milyarder Ruben Vardanyanın regiona gəlməsindən sonra barışmaz mövqe tutublar. Bakı çağırışa ekoloji fəalların Ermənistanı və Qarabağı birləşdirən Laçın yolunu qismən bağlamaqla cavab verib. Şübhəsiz, bu, qaynar region üçün oxları hərbi prosesdən ermənilərin və azərbaycanlıların birgə mövcudluğu probleminin sülh yolu ilə həllinə çevirən qeyri-standart pas olub.

Bu yeni nizamlama prosesində Yerevan-Bakı və Xankəndi-Bakı dialoquna ayrılan güclənən iki paralel sülh müstəvisini qeyd etmək olar.

“Ermənistan beynəlxalq səviyyədə görünən mexanizm çərçivəsində danışıqların Stepanakert və Bakı arasında aparılmasının tərəfdarıdır. Və Ermənistan bu mexanizmin işləməsi üçün beynəlxalq tərəfdaşları ilə işləməyə davam edir. Bu mexanizm ətrafında danışıqlar aparılan sülh müqaviləsində nəzərdən keçirilə bilər. Bu, başqa beynəlxalq qurumlar və ya başqa format ola bilər. Hələ ki, konkret deyil, bu, müzakirə predmetidir, biz müzakirələri davam etdirməliyik ki, aydın olsun”, deyə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fevralın 14-də parlamentdə bildirib.

Ankaranın iştirakı da daxil olmaqla, Bakı-Yerevan xəttinin, Çavuşoğlunun da bildirdiyi kimi, kənardan konstruktiv və müsbət görünəcək, amma, keçmişdə də olduğu kimi, Qarabağ ermənilərinin destruktivizmi onu pozacaq. Ermənistan və Türkiyənin XİN başçıları münasibətlərin yeni səviyyəyə çıxmasının anonsunu verdiyi vaxtda Xankəndində separatçıların lideri Araik Arutyunyan ermənilərin sonrakı qanlı hadisələrin başlanğıcını qoyan Dağlıq Qarabağın Azərbaycandan ayrılması uğrunda Hərəkatının 35 illiyinin qeyd edildiyini elan edib.

Sülh müqaviləsinin hazırlanması prosesinə bu açıq çağırış kim tərəfindən irəli sürülməsindən asılı olmayaraq, istənilən müsbət təşəbbüsün qarşısının alınmasına yönəlib. Separatçıların özünə inamını Qarabağda rus qoşunlarının mövcudluğu şərtləndirir. Onlarsız separatçılar daha çox konstruktivdirlər.

Mehman Əliyev

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button