GündəmHadisə

Ermənistan üçün işləyən Hacı Paşayevə 18 il həbs cəzası istənildi

Ermənistan xüsusi xidmət orqanlarının tapşırığıyla Azərbaycanda milli düşmənçilik və nifrət yaratmağa cəhddə ittiham olunan Hacı Paşayevə 18 il həbs cəzası kəsilməsi istənilib. İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror iddia edir ki, dövlətə xəyanət, milli, dini düşmənçiliyin salınması, dövlət əleyhinə açıq çağırışlar kimi ittihamlar məhkəmədə təsdiqini tapıb.

“İttiham aktında elə şeylər yazıblar ki…”

31-yaşlı Paşayev Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında sosial şəbəkələrdə dövlət əleyhinə açıq çağırışlarda, milli, dini zəmində düşmənçilik yaymaqda təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, 2016-cı ilin oktyabrında Azər Kaimov adlı şəxs vasitəsilə Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlığa cəlb olunub. İddiaya görə, o, verilən tapşırıqlara uyğun olaraq, nifaq salmaq, nifrət yaratmaq məqsədiylə “Facebook”da statuslar yazıb paylaşıb, insanlarda yanlış fikirlər formalaşdırmağa çalışıb.

Lakin Paşayev bu ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, məhkəmədə bildirib ki, ittiham aktında yazılanları qəbul eləmir.

“İttiham aktında elə şeylər yazıblar ki, onların heç biri həqiqətə uyğun deyil”, – Paşayev məhkəmədə ittihama münasibət bildirərkən belə deyib.

Onun işi üzrə məhkəmə prosesinin bir hissəsi açıq keçirilsə də, sonradan dövlət sirri hesab olunan məlumatlardan söhbət getdiyi əsas gətirilərək, məhkəmənin qapalı keçirilməsinə qərar verilib. Hazırda da məhkəmə prosesi qapalı davam edir.

Ailəsi ilə əlaqə saxlaya bilmir

Hacı Paşayev məhkəməyə qədər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılıb. Məhkəmə başlayandan sonra qərar verilib ki, DTX-dan Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülsün.

Paşayev məhkəmədə bildirmişdi ki, ailəsi Dağıstanda yaşayır, 1 azyaşlı övladı var. Amma ailəsilə əlaqə saxlaya bilmir:

“Ailəmlə əlaqə saxlamaq hüququm var. Amma uzun müddətdir ki, bu hüququm təmin olunmur. Bunun üçün kimə müraciət edəcəyimi də bilmirəm…”

Hakim ona demişdi ki, bu məsələ Penitensiar Xidmətin ixtiyarındadır, məhkəmə qarışa bilməz.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunan daha iki nəfərin də mühakiməsi davam edir.(Azadliq radiosu)

Bənzər yazılar

Back to top button