DünyaManşet

Təbii fəlakətin itkisi, funksional sisyasi sistemin qazancı

Uzun -uzadı danışmağa ehtiyac yoxdur: 120 kilometrlik zəlzələ xətti üzərindəki 10 şəhərdə Türkiyə tarixinin Rixter şkalasına görə ikinci, dağıdıcılığına görə birinci sıradakı zəlzələsini əslində Gabriel Garcia Marquez yarım əsr öncə “Gözlənilən bir qətlin tarixçəsi” adıyla yazıbmış: indi `qətl` sözünü `zəlzələ` sözüylə dəyişdirə bilərsiniz. Bəli, 209 universitetin olduğu bir ölkədə elmə verilən dəyər bu ikən `qətl` sözünü `zəlzələ` ilə də hətta `qətliam ilə də əvəz etmək əsla səhv olmayacaq.

19 aprel 1906 -da Tiflisdə ilk nömrəsi çıxmış `Molla Nəsrəddin` jurnalının baş məqaləsinin son cümləsi “Sözünü o kəslərə de ki səni eşitmirlər” idi;bax, Türkiyənin zəlzələ mütəxəssislərinin durumu da bu `söz eşitməməklik`dən ibarətdir. Bir ölkənin zəlzələ üzrə ixtisaslaşmış alimlərinin sözü xaricdə eşidilməklə qalmayıb müvafiq tədbirlər görüldüyü halda, indi o sözü eşidilməyənlərin 24 saat TV kanallarında danışmasının heç bir əhəmiyyəti yoxdur.

”Bir müsibət min nəsihətdən irəlidir” – atalar sözünün mənasını anlayan olsaydı, bu mümtaz alimlərin “Növbəti ağır zəlzələnin ən böyük namizədi İstanbuldur” – sözünə qulaq qabartmağa borclu olanlar təbliğat yerinə ölkənin ən böyük metropolundakı əhalinin sayını yarıbayarı azaltmaq üçün addımlar atmağa başlamalıydı.

Beləcə, ”Bəlkə sabah, bəlkə sabahdan da yaxın” yeni bir “Gözlənilən zəlzələnin tarixçəsi” romanının yazılmayacağından əmin ola bilərdik. Təbii fəlakətlərə qarşı mübarizədə əvvəlki qurumları ləğv edib QHT -ləri də canından bezdirən AKP hökumətinin meydana sürdüyü AFAD təşkilatının raportlarında hazırlıqların kifayət etmədiyi açıq şəkildə yazılmışdı.

Ancaq işin ironik tərəfinə baxın ki, 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün meydana sürülən AFAD ümumi koordinasiyanı həyata keçirməkdə çətinlik çəkərkən iqtidarın kiçik ortağı MHP -nin lideri Devlet Bahçeli bu işlərdə böyük peşəkarlıq nümayiş etdirən AHBAP -ın koordinatoru, müğənni Haluk Levent -ə hücum edir, Haluk Levent soyuqqanlı şəkildə işləri koordinasiyaya davam edincə hücum karvanına daxili işlər naziri qatılır.

Sözü eşidilməyən zəlzələ mütəxəssisi profssor Ahmet Ercan “Uçan tikintilərin altında 70 min nəfər var” – deyib tükləri ürpərdərkən gəlişmələri izləmək əsəbi zəif olanlar üçün daha da müşkülləşir…

Dəfələrlə yazdıq: 2011 -ci ildən sonra Türkiyənin idarəsi sanki inşaatçıların əlinə keçdi: dövlət başçısının da təşviqiylə əhalinin sayı ildə 1 milyon artarkən dünənə qədər əkilib -biçilən torpaqlarda inşaat işlərinə icazə verilməsi bir tərəfə, binaların təxminən 80% -nin qaydalara uyğun şəkildə inşa edilmədiyini hamı görsə də bunun qabağını almaq ölkəni idarə edənlərin əsla ağlına gəlmədi.

Diqqət buyurun, lütfən: Suriya sərhədindəki Hatay vilayətinin Antakya qəsəbəsində binaların yarısı yerlə bir olarkən eyni vilayətdəki Erzin qəsəbəsində istisnasız olaraq heç bir binanın, təbir caizsə, ”burnu da qanamamışdır”. Bunun səbəbi qəsəbə bələdiyyə başqanının qohum -qardaşlarla düşmən olmaq bahasına heç bir qanunsuz tikintiyə icazə verməməsi və hazır tikintilər təhvil alınarkən güzəştə getməməsidir. Bu idarəçilik metodunu istər hökumət, istərsə də bələdiyyələr dəyişməz prinsip halına gətirmədikcə problemlərin artacağını hamıdan əvvəl zəlzələ mütəxəssisləri görür…

20. 5 ildən sonra da iqtidarı əldən vermək istəməyən AKP zəlzələnin gün işığına bir daha çıxardığı nöqsanların 3 ay sonra keçirməyi planlaşdırdığı seçkidə haqq -hesabının çəkilə biləcəyini görüncə, partiyanın 4 əsas qurucusundan biri olan parlamentin keçmiş vitse -spikeri Bülent Arınç vasitəsiylə “Seçkilər ən az 1 il təxirə salınsın” – jarqonunu tədavülə daxil etdi.

AKP -nin siyasətçiləri və məmurları Türkiyə torpaqlarında baş verən hər təbii fəlakəti `tale` fenomeninə bağlamaq ənənəsindən vaz keçməyərək Kahramanmaraş zəlzələsini də eyni fenomenə bağlayınca yada istər -istəməz 17 avqust 1999 -cu ildə baş vermiş Gölcük zəlzələsi düşür: Ecevit hökuməti 3 il içində Gölcük fəlakətinin zərərlərini aradan qaldırıb iqtisadiyyatı düz yola çıxaranda baş nazirin müavini Devlet Bahçeli erkən seçki tələb edərək AKP -nin təkbaşına iqidar yolunu asfaltbasan maşınla döşəmişdi. Şübhəsiz, cənab Erdoğan bunu hamıdan yaxşı bildiyinə görə, seçkinin 1 il təxirə salınmasını pərdə arxasında istəyən də odur. Bülent Arınçın təklifi ana müxalifət partiyasından mənfi reaksiya görərkən cənab Erdoğan bu istiqamətdə addım atmağa tərəddüd edir.

Haqlı olaraq tərəddüd edir.

Çünki seçkinin təxirə salınmasını vətəndaşların əksəriyyəti “Seçkidən qaçmaq” kimi xarakterizə edəcək. Bu isə seçki qutularında siyasi zəlzələyə səbəb ola bilər.

Bu qədər ağır təbii fəlakətə rəğmən Türkiyənin demokratik siyasi sisteminin öz funksionallığını davam etdirməsi vətəndaşların ən böyük qazancıdır…

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button