Hadisə

Tanınmış həkimin də hesabı oğurlandı – Bu işdə kimlər maraqlıdır?

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyevin feysbuk profili oğurlanıb. O, bu barədə yeni açdığı profildə məlumat yayıb. Həkim bildirib ki, oğurlanmış profildən onun adından müxtəlif paylaşımlar edilib.

Paylaşımların birində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə önündə çəkilmiş fotosu paylaşılaraq yazılıb:

“Həkim olaraq deyə bilərəm ki, 38 gündür quru aclıq edən adamın səhhəti belə ola bilməz. Bəli, bu günə qədər dəstəkləmişəm, amma artıq böyük oyun getdiyini, şou olduğunu gözümlə gördüm. Bəxtiyarın FHN üçün işləməsi barəsində yayılan videolara da önəm verməmişdim, demişdim olar, insandır, səhv edib. Amma bu artıq mənim üçün olmazın olmazıdır. Əlini qaldırması, ayağa dura bilməsi belə mümkün deyil… Guya 40 gündür aclıq edən Bəxtiyar Hacıyev bu gündən (16 fevral – red.) quru aclığa keçdi. Şou başladı”.

Digər bir paylaşımda isə A. Əliyevin işlədiyi klinikanın pulsuz müayinə və müalicələr etdiyi bildirilib:

“İstanbul” hospitalı olaraq Türkiyədə zəlzələdən zərər çəkmiş bütün şəxslərin özlərini və ailələrini ödənişsiz müayinə və müalicə edirik. Vətən müharibəsi qazilərinin və ailələrinin də klinika olaraq bütün sağlamlıq öhdəliyini öz üzərimizə götürürük”.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Aydın Əliyev bildirib ki, yanvarın 11-də ona feysbukdan mesaj gəlib ki, hesabına giriş olub:

“Ondan sonra da mənə feysbuk adından elektron poçtu silmək və ya dəyişdirməklə bağlı da bir şey gəlmişdi. Yazılmışdı ki, poçt və ya nömrənin ikisindən birini silim. Mən də poçtu silən kimi haker kimdirsə, öz elektron poçtunu daxil edib. Mən heç fərqinə də varmadım, tıkladım, ondan sonra profilim oğurlandı. Ola bilər ki, bu mesaj feyk olsun. Amma mesajı elə formalaşdırmışdılar ki, sanki feysbukun özündən gəlib. O vaxtdan etibarən həmin profilə mənim girişim yoxdur. Bir neçə dəfə feysbukun özünə də yazmışam, amma hələ ki, öhdəsindən gələ bilmirik. Məndən şəxsiyyət vəsiqəmin şəklini istədilər, göndərdim. İkili qoruma aktiv idi. İT mütəxəssisi dedi ki, bu, planlaşdırılmış işdir, çoxlu şikayət olub. Ondan sonra mən nömrə vasitəsilə də giriş edə bilmədim, yəqin ki, nömrəni dəyişiblər. O profilim oğurlanıb və başqaları tərəfindən istifadə edilir, orada yazılanlar heç biri mənə aid deyil. Mən də məcbur qaldım, yeni hesab açdım”.

Həkimin sözlərinə görə, o, daha əvvəllər Bəxtiyar Hacıyevə dəstək xarakterli paylaşımlar edib:

“Onun azad olunması ilə bağlı müraciət etmişdim. Tamamilə əks bir şey yazıblar, “belə ac adam olmur və s”. B.Hacıyevə qarşı əks-kampaniya aparanlardır, bəlkə, bilmirəm. Bunu kimin etməsi ilə bağlı, doğrusu, məndə hər hansı fikir yoxdur. Profil oğurlanmamışdan əvvəl nəyisə bəyənmək istəyirdim, şərh yazırdım, bəzən olmurdu, silinirdi, çünki profilimə qarşı nələrsə var idi. Mənim heç kimlə şəxsi-qərəzim yoxdur. Sadəcə mən zaman-zaman belə tənqidi fikirlər səsləndirirəm, hesab edirəm ki, onunla əlaqədardır”.

Radioloq qeyd edib ki, artıq bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir:
“Klinikanın adından çox ciddi, feyk paylaşım edilib. Düşünürəm ki, mən artıq hüquq-mühafizə orqanlarına müraciət etməliyəm. Bu paylaşıma qədər o qədər də feyk post olmamışdı. Fikirləşdim ki, bəlkə də məqsəd səhifəni passivləşdirmək olub. Görürəm ki, yox, bu artıq kiberhücum səviyyəsindədir”.

Məsələyə münasibət bildirən “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov Yeniavaz.com-a deyib ki, Aydın Əliyev ölkədə bir çox sahədə baş verən bu və ya digər hadisələrə özünəməxsus münasibətləri olan dəyərli bir həkimdir:

“Onun Bəxtiyar Hacıyevlə bağlı son postu (14 fevralda oğurlanmamış profildə edilən paylaşım – red.) əslində obyektiv bir ziyalı mövqeyi idi. Görünür, ondan sonra B.Hacıyevin həbsində maraqlı olan dairələr narahat olublar. B.Hacıyevin həbsində maraqlı olan tərəf hökumətdir. Daha da konkret desək, Daxili İşlər Nazirliyidir. Bunların marağında ola bilər ki, Aydın Əliyevin profilindən dezinformasiyalar yaysınlar”.

R.Səfərov bildirib ki, eyni problemlə özü də qarşılaşıb:

“Eyni problemi mən də yaşayıram. Mənim əvvəlki profilim ya Dövlət Təhlükəsizliyi Xidməti, ya da Daxili İşlər Nazirliyi tərəfindən ələ keçirilib. Gəlin razışlaşaq ki, Azərbaycan coğrafiyasında ictimai fəalların profillərinin oğurlanması bu iki qurumun “kurasiya”sındadır. Bunun adı kibercinayətkarlıqdır. İndiki halda da hüquq-mühafizə orqanlarının bu hərəkətləri ictimai rəydə çaşqınlıq yaratmağa hesablanıb. İstənilən sözümün arxasında məsuliyyətlə dayanıram. Əsaslı və əsassız şübhə var. Bu gün ölkədəki repressiv mühitə məsul olan dairələr hansılardır? Əsas etibarilə DİN, DTX, Baş Prokurorluq, məhkəmələr və s. DİN və DTX belə mütəxəssislər vasitəsilə sui-istifadə hallarına malikdirlər. Kibercinayətkarlığa qarşı mübarizə aparırlar, eyni zamanda mövcud alət və vasitələrdən sui-istifadə edib tənqidçilərə də qarşı çevrilirlər. Şübhəmi də əsaslı olaraq bunda görürəm. Çoxsaylı abunəçisi olan səhifələr var. Mən əminəm ki, bunlar da hüquq-mühafizə orqanlarının kurasiyasındadır. Vaxtaşırı dezinformasiyalar yaymaqla cəmiyyəti çaşqınlıq içərisində saxlayırlar. Bütün bunların arxasında dövlət hakimiyyətindən istifadə edən hüquq-mühafizə orqanları dayanır. B.Hacıyevlə bağlı isə son zamanlar xüsusi trol şəbəkəsinin səfərbər olduğu görünür. Oğurlanmış digər profillər vasitəsilə B.Hacıyevlə bağlı qara PR aparırlar”.

Məsələni Yeniavaz.com-a şərh edən hüquq müdafiəçisi Xalid Ağalı isə bildirib ki, bu, ilk növbədə oğurluq hadisəsidir, kibercinayətdir:

“Onun səhifəsi hansı platforma üzərindədirsə, həmin platformanın qaydaları, şikayətlərə baxan departamenti var. Onlarla əlaqə saxlayıb oğurlanmış profilin ona aid olduğunu təsdiq edən məlumatları təqdim etməklə geri qaytarılmasını istəməlidir. Bunun araşdırılması müraciət etdikdən sonra bir neçə həftə çəkəcək. Əgər yubanırsa, faydası olmursa və onun profilindən yayılan məzmun, fikirlər şəxsə hər hansı təhlükə yaradırsa, əlaqəli hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Aydın Əliyev ictimai-siyasi mövqeyi olan həkimdir. Onun profilinin oğurlanması və sözügedən məzmunun yayılması yolu ona görə seçilib ki, ictimaiyyəti onun vasitəsilə daha rahat yanıltmaq olar. Bəxtiyar Hacıyevlə bağlı belə paylaşımların edilməsi ictimai rəydə onunla bağlı hazırda mövcud olan narahatlığı, kimlərisə tərəddüdə salmaq, yanıltmaq məqsədi güdür”.

Hüquqşünas Rüfət Səfərovun Bəxtiyar Hacıyevin həbsində maraqlı olan tərəfin Daxili İşlər Nazirliyi olması və Aydın Əliyevin profilindən dezinformasiyalar yayılmasında DİN-in marağının olması iddiaları ilə bağlı qurumun şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, deyilənlər şəxsi mülahizələrdir, əsassızdır.

Qeyd edək ki, 6 aydır Yeniavaz.com saytının baş redaktoru Rasim Məmmədliyə məxsus “Qəmiş” və “Zəfəran” feysbuk səhifələri də profilə müdaxilə yolu ilə oğurlanıb. Səhifələrin geri qaytarılması hələ də mümkün olmayıb. Bundan əlavə ictimai fəal Bəxtiyar Hacıyevin də profili oğurlanaraq şəxsi yazışmalarının görüntüləri sızdırılıb.

Bənzər yazılar

Back to top button