İdman

VOLKAN DƏMİRƏL – QƏLBİ BÖYÜK KAPTAN!

Siyasətçilərin bacarmadığı işi qəlbi vətən və insanlıq sevgisiylə dolub-daşan türk övladı bacardı – 85 milyonu vahid yumruq kimi birləşdirdi!

 Təxminən 20 il öncə 3 ilə yaxın Türkiyədə yaşamışam. İşimlə əlaqədar olaraq çox sayda insanlarla yaxın münasibətlər qurmuşdum. Onların böyük əksəriyyəti əfqan kökənli köçmənlər idi. Belə ki, dəri məmulatlarını onlardan alıb, Rusiyaya göndərirdim. Bu işi isə İstanbulda əsasən əfqanlar görürlər, onlar bu sahədə mütəxəssis hesab olunurlar. 

Alış-veriş etdiyim əfqanlar müxtəlif etnik qruplara aid idi – çox sayda puştu, xazarey, tacik, özbək dostlarım vardı. Tacik Mənsur və özbək Fərhadla daha yaxın münasibət saxlayırdım. İşin tərsliyindən Mənsur qalatasaraylı, Fərhad isə fənərbaxçalı idi. Bunun nə demək olduğunu futbolla az-çox maraqlanan hər kəs bilir. Hətta Türkiyə vətəndaşlarının siyasi mənsubiyyəti onlar arasında dərin uçurum yaratmır, nəinki onların qalatasaraylılığı və ya fənərbaxçalı olması.

Türkiyədə ən böyük sivil toplum örgütləri “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” klublarıdır desək, qətiyyən yanılmış hesab olunmarıq. Bu 4 klub birlikdə 70-75 milyon tərəfdar kütləsinə sahibdi. Necə deyərlər, Türkiyədə 7-dən 77-yə hər kəs futbolla yaşayır. Bu 4 klubun bir-biriylə hər qarşılaşması böyük ajiotajlara səbəb olur.

“Qalatasaray”-“Fənərbaxça” rəqabəti isə nağıl kimi bir şeydi, ağlı başında insanın normal şərtlərdə inana bilməyəcəyi nağıl kimi… Bu iki klub qarşılaşdığı zaman qardaş ölkədə həyat tamamilə durur, hamı bu görüşə diqqət kəsilir. Nahaq yerə bu iki qədim və əzəli rəqibin görüşü “dünya derbisi” sayılmır.

media-İki əzəli rəqib

Cimbomla fənərlilər arasındakı kəskin və amansız rəqabəti anlatmaq üçün tacik Mənsurla bir dəfə aramda keçən söhbəti qısa şəkildə xülasə etmək istərdim…

İl 2002, isti yay günlərindən biriydi… Hələ dəri sezonunun başlamasına bir ay vardı. Qiymətlər qalxmadan “mal stoklamaq” üçün Mənsurun yanına getdim. Koreya və Yaponiyada keçirilən dünya çempionatının 1/8 finalında Türkiyə meydan sahibləri Yaponiya ilə qarşılaşırdı. Oyuna Mənsurun atelyesində baxdıq. Qalatasaraylı Ümid Davalanın vurduğu qol Türkiyəyə növbəti mərhələyə vəsiqə qazandırdı. Mənsurun bir qalatasaraylı olaraq necə sevindiyini təsəvvür edə bilməzsiniz. O qədər sevincli idi ki, aldığım hər dəri gödəkcə üçün 2 dollar endirim etdi və mən əvvəlcədən razılaşdığımız qiymətdən ona 500 dollar az pul ödədim.

Sonra Mənsur mənə öz gileyini bildirdi. Dedi ki, sənin necə bir fanatik qalatasaraylı olduğundan xəbərdaram, ancaq fənərbaxçalı Fərhadla yaxın münasibətlərinə heç cür anlam verə bilmirəm. Mənsur dedi ki, bir qalatasaraylı əsla bir fənərbaxçalı ilə dost ola bilməz! Aramızdakı söhbət Mənsurun bu monoloqu ilə bitdi:

“Mənimçün “Qalatasaray” hər şeyin üstündədir! Sarı-qırmızı rəngə olan sevgim tükənməzdir, mən Cim-Bomu həyatımdan da çox sevirəm! Evlənəcəyim qadının siyasi baxışı məni əsla ilgiləndirmir. Milli və dini mənsubiyyəti də o qədər önəmli deyil. O müsəlman və türk olduğu qədər, xristian və yəhudi də ola bilər. Ancaq mənim xanımım əsla bir fənərbaxçalı ola bilməz!”

Mən Mənsurun dediklərinə “a”dan “z”yə inandım. Adam içindən gələn tükənməz səmimiyyətlə deyirdi, yalanla yaxından-uzaqdan əlaqəsi yoxdu onun bu sözlərinin. Bəli, Türkiyədə futbol, ələlxüsus da “Qalatasaray”-“Fənərbaxça” rəqabəti hər şeyin üstündədir. Bu, əslən türkiyəli olmayan, ancaq bu iki klubdan birinə sevgi bəsləyən gəlmələrə də böyük ölçüdə sirayət edib. Çünki hər iki klubun azarkeşləri rəqib üzərindəki üstünlüyü namus, qeyrət, qürur, onur məsələsi hesab edir.

Amma bu amansız rəqabətdə bir sevindirici məqam var: hər iki klubun azarkeşləri digər klubun liqdən düşməsini və ya varlığını dayandırmasını əsla istəmir. Çünki bir qalatasaraylı üçün “Fənərbaxça” yoxsa, “Qalatasaray” da yoxdur, eynilə qarşı tərəf də məhz bu cür düşünür. Hər iki klubun azarkeşləri üçün sevgi bəslədiyi komandanın böyüklüyü əsas rəqibinin üzərində üstünlük qurması ilə bağlıdır.

“Qalatasaray”la “Fənərbaxça” arasındakı rəqabət son illərdə daha kəskin xarakter almışdı. Hətta iş o yerə çatıb ki, hər iki klubun rəhbərliyi arasında söz duelloları etik çərçivəni aşır, üzləşdikləri hər uğursuzluq və haqsızlığa görə bir başqasını yox, məhz əzəli rəqibini günahkar rolunda görür.

Fanatik bir qalatasaraylı olaraq, irəliləmiş yaşıma rəğmən, mən də özümü kənara qoymur və bu təbliğatın təsiriylə “Fənərbaxça”nı rəqibdən ziyadə düşmən obrazında gördüyümü etiraf etməliyəm. Bu hiss istisnasız olaraq, milyonlarca, on milyonlarca qalatasaraylı və fənərbaxçalı olan hər futbol azarkeşinə xas xüsusiyyətdir. Bəzən mən elə düşünürdüm ki, Türkiyə PKK kimi amansız, qatil, terror təşkilatının, ölkəni diz çökdürmək istəyən kürəsəl gücün qarşısında dimdik ayaqda dura bilər, ancaq qalatasaraylı və fənərbaxçalı kimi ölkənin iki kəskin rəqabətdə olan cinahlara bölünməsinin qarşısında acizdir. Amma görünüən o ki, yanılmışam, həm də çox yanılmışam…

Türk xalqı böyük xalqdır! Üzləşdiyi bəlalar və faciələr onu daha da mətinləşdirir, birləşdirir, bütövləşdirir! Son Kahraman Maraş faciəsi bunu bir daha sübut etdi. Heç vaxt dost ola bilməz dediyimiz, ikisinə birlikdə 50-55 milyon insanın könül verdiyi, amansız rəqabət içində olan iki əzəli və əbədi “düşmən” bu gün eyni cəbhədədir –

BÖYÜK TÜRK XALQININ formalaşdırdığı VƏTƏN CƏBHƏSİNDƏ!

media-Türkiyə ayaqdadır!

Mən əminəm ki, bütün qəhrəmanlıqlar spontan alınır. İstənilən insanın xislətində həm qəhrəmanlıq və qorxu, həm də müsbət və mənfi xüsusiyyətlər var. Hamımız  insanıq, hamımızın səhvi ola bilər, hamımızda sadaladığım xüsusiyyətlər ola bilər. Yetər ki, insan iradə sahibi olsun, qəlbi vətənə və insanlığa sevgi hissi ilə dolsun. Bu təqdirdə o, istənilən kritik situasiyada bütün müsbət tərəflərini ortaya qoyacaq. Bu yazını həsr etdiyim adam da məhz belə biri imiş…

VOLKAN DƏMİRƏL – yatsam yuxuma da girməzdi ki, ən çox nifrət etdiyim fənərli haqda nə zamansa yazı yazacam, onu vəsf edəcəm, qəhrəmanlığından, böyük qəlbli insan olmağından, adam kimi adamlığından bəhs edəcəm…

Kahraman Maraş faciəsinə qədər hansı qalatasaraylıdan soruşsaydın ki, ən çox nifrət etdiyin fənərbaxçalı kimdir, ən az 90-95 faiz “Volkan Dəmirəl” cavabını verərdi. Buna Volkanın aşırı fanatikliyi, “Qalatasaray” oyunlarında hər qalmaqalda baş rol oynaması və digər cılğın hərəkətləri də səbəb olmuşdu. Etiraf etmək lazımdır ki, ona qarşı fanatik qalatasaraylı azarkeşlərin də çox böyük haqsızlıqları olub. Məsələn, Türkiyə millisinin “Qalatasaray” stadionunda bir rəsmi oyunundan əvvəl Volkanın ünvanına “ana-arvad”, “ölü-diri” söyüşləri nə qalatasaraylılıq ilkəsi, nə türkçülük, nə də insanlığa yaraşan hərəkət hesab oluna bilər. Amma dediyim kimi, durum artıq nəzarətdən çıxmış, rəqabət düşmənçiliyə çevrilmişdi.

media-İki dost

Volkan Dəmirəlin Kahraman Maraş faciəsindən sonrakı hərəkəti hər qalatasaraylı üçün onu bir anda düşməndən sevimli qəhrəmana çevirdi. Etiraf edim ki, Volkanın barışmaz bir “Qalatasaray” əleyhdarı olmasına, bu səbəbdən ona nifrətimə rəğmən, “Muslera məndən çox bacarıqlı qapıçıdır, ona olan sayğım sonsuzdur” sözlərinə görə hiss edirdim ki, bu adamın içində ədalət hissi və rəqibə sayğı var. Həqiqətən də bu adam kimi adamın içində başqa bir aləm varmış. Sadəcə, bu hissi büruzə verməsi şərtlərdən və zamandan asılıymış…

Volkan Dəmirəl “Fənərbaxça”da oynadığı uzun illər ərzində böyük paralar qazanıb, Türkiyənin zəngin adamlarından biridir. İstanbulda hər şəraiti olan evi var. Bu il o, “Hatayspor”un məşqçisi vəzifəsini tuturdu. Bildiyimiz kimi, zəlzələnin ən çox təsir etdiyi bölgələrdən biri də Hatay vilayətidir. Vilayət mərkəzi qədim Antakiya şəhəri tamamilə dağılıb, altı-üstünə çevrilib…

Volkan Dəmirəl istəsə, dağılmış şəhəri tərk edər, gedib İstanbulda rahat şəkildə evində otura bilərdi. Amma o bunu etmədi. İçindən gələn fəryadı ilə bütün Türkiyəni ayağa qaldırdı – burda insanlar əzab içində ölür, lütfən yardım edin!

Volkan ürək dağlayan fəryadı ilə mənim kimi milyonlarca qalatasaraylı üçün bir anda antiqəhrəmandan qəhrəmana çevrildi! Biz bu adamın içini gördük, qəlbinin saflığına şahid olduq! Məgər bu adam göründüyü kimi deyilmiş, böyük qəlb sahibi imiş…

Volkan istəsə, xanımını da götürüb, dağılmış, altı üstünə çevrilmiş şəhəri tərk edər, gedib rahat şəkildə evində oturardı… amma o bunu etmədi. Əvvəlcə öz hayqırtıları ilə 85 milyonluq Türkiyəni ayağa qaldırdı, sonra da xanımı ilə birlikdə dağıntıların altından həyat qurtarmağa getdi!

media-VOLKAN DEMİREL və XANIMI

Volkan sübut etdi ki, onun qəlbi özündən böyükdür! Volkan sübut etdi ki, onun qəlbi tərtəmizdir, safdır! Volkan sübut etdi ki, əsil türkdür! Volkan sübut etdi ki… Volkan çox böyük insandır – qarşısında baş əyiləcək qədər böyük qəlbli insan!

Bir daha təkrar edirəm: yatsam yuxuma da girməzdi ki… yox, biz hamımız insanıq, səhv edə bilərik, eynilə Volkan kimi… Amma əsas odur ki, vətən sevgisini, insanlıq duyğularını itirməyəsən. Baş verən faciə nə qədər ağır olsa da, bu faciənin ortaya çıxardığı, bizlərə tanıtdığı qəhrəman – Volkan Dəmirəl bütün Türkiyəni birləşdirdi, qalatasaraylı, fənərbaxçalı, beşiktaşlı, trabzonsporlu olmasından asılı olmayaraq, hər türk, hər Türkiyə vətəndaşı yumruq kimi birləşdi, hər kəs anladı ki, hamısı bu gözəl ölkənin övladıdır, vətəndaşıdır. Hər kəs anladı ki, futbol adi bir zövqdir, bu zövq hər şeyin, hətta vətən sevgisinin üstündə ola bilməz!

Artıq 10 gündən çoxdur ki, heç vaxt barışmazlar deyilən iki böyük rəqib düşərgə eyni cəbhədədir – VƏTƏN CƏBHƏSİNDƏ! Bu Volkan Dəmirəlin ürək parçalayan fəryadı sayəsində mümkün oldu… Siyasətçilərin bacarmadığını qəlbi vətən, insanlıq sevgisiylə dolub-daşan bir türk övladı etdi.

Bu gün bütün qalatasaraylılar, beşiktaşlılar, trabzonsporlular üçün Volkan Dəmirəl özününküdür, dəyərli vətən övladıdır. O bunu haqq edir…

Bu gün Volkan Dəmirəl dünən onu söyənlər üçün qardaşdır, övladdır, vazkeçilməz dostdur! Bu gün Volkan Dəmirəl hər kəs üçün çox böyük insandır, adamın öndə gələnidir… Volkan bu şərəfi haqq edir…

Dünən “Türk Telekom Arena”da Volkanı söyən qalatasaraylılar, onun küsüb, milli matça çıxmamasına səbəb verənlər, heç şübhəsiz ki, bu əməllərindən çox peşmandır. Bunu “Qalatasaray” fan-klublarının açıqlamalarından, yaydıqları bəyanatlardan da görmək mümkündür. Onlardan ikisi xüsusilə diqqətimi çəkdi:

– VOLKANı bağrımıza basmalıyız! Keşke HATAY maçı İSTANBULDA olsaydı…

– Bu ADAM TÜRK TELEKOM ARENA Stadyumuna ayak bastığı an hep bir agızdan “hos geldin büyük kaptan” diye ayakta alkışlamaliyiz

Düşdüyü durumla bağlı “Hatayspor” Türkiyə Super Liqindən çəkildi. Ancaq hesab edirəm ki, “Qalatasaray”ın “Türk Telekom Arena”da oynayacağı ilk oyuna (martın 10-da) Volkan Dəmirəl xüsusi qonaq qismində dəvət olunmalıdı. 50 min bilet yalnız o adamlara satılmalıdır ki, həmin adamların hamısı Volkan Dəmirəlin 1 saylı fənər formasını da almalı və o formada stadiona gəlməlidir. Volkan qardaşımız isə sarı-qırmızılı Cim-Bom formasında stadiona ayaq basdığında hamı ayağa qalxıb onu alqışlamalı və bir ağızdan səsi gəldiyi qədər var gücü ilə bu sözləri bağırmalıdır:

– HƏPİMİZ VOLKAN DƏMİRƏLİZ!!! HƏPİMİZ FƏNƏRBAXÇALIYIQ!!!

Həmin oyunda əldə olunan bütün gəlir isə, çox çətin günlərini yaşayan “Hatayspor” klubunun hesabına köçürülməlidir. Bu, “Qalatasaray”-“Fənərbaxça” düşmənliyinə son verəcəyi kimi, Türkiyədə birlik və bərabərlik üçün də mühüm vasitə olar…

Fərəməz Novruzoğlu

Mənbə: boyuksherg.az

Bənzər yazılar

Back to top button