İqtisadiyyat

Azərbaycanda büdcə islahatları: prosesin gedişinin və ilkin nəticələrin qiymətləndirilməsinə dair

BAİ İqtisadi Qrupu

Uzun müddət neft gəlirlərindən qidalanan Azərbaycanın büdcə sistemində islahatlarla bağlı tərpənişlər 2015-ci ildən sonra başlanıb. Bu həmin dövrdür ki, büdcəmizin əsas donoru olan xam neftin qiyməti dünya bazarında ucuzlaşmışdı və bunun nəticəsi olaraq Azərbaycanın büdcə gəlirləri kəskin azalmışdı. Yaranmış vəziyyətdə hökumət əvvəlki illərdən fərqli olaraq qeyri-neft sektorunun inkişafına yönəlik addımlar ataraq iqtisadiyyatın dayanıqlı inkişafını hədəfləyən yol xəritəsi qəbul etdi. Hökumətin əsas yanaşması dövlət büdcəsinin Dövlət Neft Fondunun transfertlərindən asılılığının azaldılması və xərclərdən daha səmərəli istifadə mexanizmlərinin tapılması ilə bağlı oldu.

Yol Xəritəsində büdcə mexanizmi orta müddətli xərclər çərçivəsinin (OMXÇ) tərkib hissəsi kimi nəzərdən keçirilir və qeyd edilir ki, ictimai maliyyə resursları maddələr üzrə deyil, proqramlar və strateji hədəflər üzrə bölüşdürülməlidir. Yol Xəritəsinə əsasən, OMXÇ-nin tətbiqi 2019-cu ilin sonuna, nəticəəsaslı büdcə sisteminə keçid isə 2020-ci ilin sonunadək baş verməli idi.

İlk olaraq 2018-ci ilin iyununda Büdcə sisemi haqqında Qanuna dəyişikliklə büdcə qaydasının tətbiqinə start verildi. Bu qayda cəmi 1 il – 2019-cu ildə tətbiq edildi və hökumət 2020-ci ildə pandemiyanın neqativ təsirlərinin aradan qaldırılması üçün büdcə xərclərinin artırılmasına yaranan ehtiyacı əsas gətirərək qaydanın tətbiqinin 2022-ci ilədək dayandırılması barədə qərar qəbul etdi. 2022-ci ildən etibarən büdcə qaydasının tətbiqi bərpa edildi, amma 2018-ci ildə qüvvəyə minən qaydalar ləğv edildi və Büdcə sistemi haqqında Qanuna dəyişikliklə yeni büdcə qaydası müəyyən edildi.

Hökumətin büdcə sahəsində islahat təşəbbüsündən artıq 7 il ötüb. Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu bu müddətdə büdcə sistemində aparılmış islahatlara nəzər salaraq onları qiymətləndirməyə çalışıb. Ekspertlər əsas diqqəti ilk növbədə büdcə qaydasının tətbiqi sahəsində islahatların ilkin nəticələrini qiymətləndirməyə yönəldib, hökumətin son 3 ildə tətbiq etdiyi 2 fərqli büdcə qaydasının müqayisəli izahı verilib. Daha sonra büdcə planlaşdırmasının tətbiqi sahəsində islahatların gedişatı analiz edilib. Analizin nəticəsi olaraq bir sıra çatışmazlıqlar üzə çıxarılıb və onların yaranma səbəbləri araşdırılıb.

Analitik hesabatın 2-ci bölməsi büdcə şəffaflığının və hesabatlılığının qiymətləndirilməsinə həsr edilib. Çünki büdcə şəffaflığı və hesabatlılığı büdcə islahatlarının tərkib hissəsidir. Burada əsas vacib elementlər məlumatların açıq olması, vətəndaşların büdcə prosesində yaxından iştirakı və büdcənin icrası ilə bağlı hesabatlılığın mövcud olmasıdır. Bu baxımdan bu bölmədə büdcə şəffaflığı və hesabatlılığı sahəsində əsas beynəlxalq təşəbbüslər sadalanır və Azərbaycanın bu təşəbbüslərdəki mövqeyinə nəzər yetirilir. Eyni zamanda Azərbaycanda büdcə şəffaflığının və hesabatlılığının mövcud durumu analiz edilir.

Hesabatı buradan oxuya bilərsiniz.

Bənzər yazılar

Back to top button