GündəmManşet

Seysmoloq: “Azərbaycanda seysmik ocaqlar oyana bilər” (MÜSAHİBƏ)

Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verdi. Ard-arda baş verən ağır ballı iki zəlzələ nəticəsində Türkiyənin 11 şəhər və rayonlarında həlak olanların sayı 40 minə yaxınlaşıb, 110 minə yaxın yaralı var. Zəlzələ o qədər güclü baş verdi ki, Suriyanın Türkiyə ilə sərhəddində olan bir çox ərazilərdə də dağıntılara səbəb oldu. Suriyada da 3 mindən çox insanın zəlzələ nəticəsində öldüyü deyilir.

Əsrin fəlakəti adlandırılan bu təbii hadisəyə görə bir çox ölkələr Türkiyəyə yardım və xilasedicilər göndərdi. Və qardaş ölkədə baş verən bu fəlakət Azərbaycan vətəndaşlarında da panikaya səbəb olub. İndi hər kəsi bu suallar düşündürü. Azərbaycanda yaxın vaxtlarda zəlzələ ola bilərmi? Son illər tikilən binalar zəlzələyə davamlıdırmı?

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Qulam müəllim, Türkiyədəki məlum zəlzələdən sonra bu təbii hadisənin yenidən Türkiyədə və ya Azərbaycanda baş verə biləcəyi ilə bağlı proqnozlar var. Bu proqnozlar nə dərəcədə real elmi əsaslandırmalara söykənir?

Cavab: Dünyada zəlzələnin baş verməsinin proqnozuna dair əsas 3 tipli proqnoz növü var: qısamüddətli. ortamüddətli və uzunmüddətli. İnsanları və ümumiyyətlə bəşəriyyəti əsas qısamüddətli proqnoz maraqlandırır və narahat edir. Bu – zəlzələnin yeri, gücü və zamanından ibarətdir. Mən bura seysmoloq kimi hətta zəlzələnin ocağının dərinliyini də əlavə edərdim. O da mühüm parametrdir. Bunları dəqiq demək mümkün deyil. Sadəcə tektonik nəhəng plitələrin aktivliyinə və intensiv hərəkətlərinə əsasən, onların toqquşma proseslərinə arxalanaraq və beləliklə zəlzələlərin baş verməsinə əsasən, ehtimalla demək olar ki, qonşu plitələr və onlarla əlaqədar olan qırılmalar aktivləşə bilər. Sadə fizika qanunlarına əsasən (dinamika, statika, inersiya və s.). Yəni, aktivləşmə ehtimalı var. Bu da öz növbəsində yeni zəlzələlərin əmələgəlməsinə səbəb ola bilər. Seysmik ocaqlar oyana bilər.

Sual: Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan seysmik bölgə hesab olunur. Və dəfələrlə adını çəkdiyim ölkələrin ərazilərində güclü zəlzələlər baş verib. Xüsusilə Türkiyədə son 25 ildə bir neçə dəfə güclü zəlzələlər baş verib. Niyə bunlara baxmayaraq Türkiyə bu dəfəki təbii hadisəyə belə hazırlıqsız yaxalandı? Niyə Türkiyə zəlzələ təhlükəsinin istənilən vaxt ola biləcəyini gözə almamışdı?

Cavab: Bəli, təsdiqləyirəm. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan seysmik bölgələridir.

Türk seysmoloqları bu fəlakətli zəlzələ zonasını seysmik təhlükəli zona kimi səciyyələndirmişdilər. Müxtəlif seysmik təhlükəni səciyyələndirən parametrlərin xəritələrinə əsasən, lazımı nəticələr almışdılar. Lakin, heç kim, heç bir seysmoloq nə dərəcədə bilikli olmasından asılı olmayaraq, nə dərəcədə müasir robotlaşmış avtomatlaşmış cihazlardan istifadə etməsinə baxmayaraq, zəlzələnin dəqiq gücünü, zamanını demək mümkün deyil. Hətta bu gücdə baş verməsini demək olmur. Baxın. Nəzəri baxımından, adətən zəlzələnin baş təkanından sonra afterşoklar zamanında, yəni ardıcıl zəlzələlərin gücü adətən əsas təkandan bir qədər az olur. Amma bu zəlzələ zamanı baş təkandan sonra olan zəlzələ təxmini eyni gücdə (maqnitudada) baş verdi və digər yaxınlıqda təxmini eyni gücdə zəlzələ törətdi. Yenə də bu hadisə bir daha sübut edir ki, bu fəlakəti tam aydın və hazır şəkildə gözləmək olmur.

Sual: Türkiyədəki son zəlzələnin tektonik silah vasitəsi ilə süni yaradıldığına dair iddialar var. Bu mümkündürmü?

Cavab: Xeyr, o gücdə süni vasitələrlə tektonik silahlarla zəlzələ yaratmaq mümkün deyil. Türkiyədə baş verən zəlzələnin maqnitudasına bərabər gücdə süni silah yoxdur. Yəni o dərəcədə güclü maqnitudalı zəlzələni süni silahla törətmək mümkün deyil. Hələ bəşəriyyət belə bir silah icad etməyib.

Sual: Azərbaycan zəlzələ təhlükəsini həmişə gözə alırmı?

Cavab: Bu təhlükəni əsas inşaat şirkətləri (dövlət, özəl) gözə almalıdırlar. Biz alimlər zəlzələ təhlükə xəritələrini mütəmadi olaraq yeni üsulları cəlb etməklə qururuq. Təsvir edirik. Zəlzələ insanları öldürmür. Ən nadir vəziyyət ola bilər ki, kiminsə ürəyi zəifdi və titrəyişlər zamanı qorxudan ürək damar problemi baş verə bilər, insan ya huşunu itirər və ya qorxudan ölə bilər. Əsas insanları öldürən zəlzələyə uyğun inşa edilməyən dayanıqsız binalar, qeyri-peşəkar tikilmiş evlərdir. Məhz onlar insanları məhv edir.

Sual: Zəlzələdən az itki və dağıntı ilə çıxmaq üçün əvvəlcədən hansı addımlar atılmalıdır? Hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Cavab: İlk öncə binalar zəlzələ təhlükəsinə uyğun inşa olunmalıdır. Yaponiyanı misal göstərmək istərdim. Həmin ölkə zəlzələ haqqında qabaqcadan dəqiq proqnoz verə bilmir, amma baxın inşaat sektorunda necə sıçrayış etdi. Son güclü zəlzələ zamanı binalar sadəcə tərpəndilər, amma dağılmadılar. Bünövrələri möhkəm bərkitdilər. Sadəcə sunaminin öhdəsindən gələ bilmədilər. Amma bu artıq ayrı mövzudur. Bu ikinci dərəcəli zəlzələdən əmələgələn təhlükə növüdür. Bir sözlə, binaların dayanıqlığı və möhkəm olmağı qiymətləndirilməlidir, inşada olan binalar zəlzələyə (ballığa və maqnitudaya əsasən) tikilməlidir. Hər mərtəbə inşa olunan zaman seysmik dalğanın yüksəlmə və ya sönmə əmsalı yoxlanılmalıdır və digər inşaata dair müvafiq tədbirlər həyata keçirilməlidir.

Bənzər yazılar

Back to top button