İdman

Ronaldonu çökdürən səbəb: Eqo, yoxsa övlad itkisi?

Kino aləmində ilin ən pis aktyor oyunu üçün “Qızıl moruq” adlı anti-mükafat var. Bu, futbolda olsaydı, 2022-ci il ilin ən pisi, şübhəsiz ki, Kriştiano Ronaldo seçilərdi.

Ötən ilin yazında portuqaliyalı superulduz “Mançester Yunayted”də əla formada idi. O, “Tottenhem” və “Norviç”lə matçlarda het-trik etdi. “Arsenal” və “Çelsi”ylə vacib görüşlərdə fərqlənməyi bacardı. Mövsümün sonunda isə 18 qolla Premyer Liqanın üçüncü məhsuldar futbolçusu oldu. Krişin çıxışı, yaşadığı faciə fonunda yaxşı görünürdü. Xatırlamayanlar üçün bildirək ki, aprelin 18-də onun yeni doğulmuş oğlu vəfat etmişdi.

Dəhşətli hadisə həmin vaxt Ronaldonun çıxışına mane olmadı. Bir yandan da bütün komandaların azarkeşləri ona dəstəyini nümayiş etdirdilər və dərdinə şərik çıxdılar. Bu hadisədən sonra o, Premyer Liqada ardıcıl üç matçda qol vurmağa nail oldu. Ronaldonun karyerasında problemli mərhələ mövsüm bitdikdən sonra – Erik ten Haqın “Yunayted”ə gəlişindən sonra başladı. Hadisələrin detallını yazsaq, bu, çox uzun çəkəcək. Ona görə yaşananların xronologiyasını qısa formada xatırlayaq:

  • Yeni baş məşqçini tənqid edərək komandada çaşqınlıq yaratdı;
  • UEFA Çempionlar Liqasında iştirak edən yeni komanda axtarmağa başladı;
  • İki dəfə ehtiyat oyunçular skamyasından meydana daxil olmaqdan imtina etdi;
  • Pirs Morqana qalmaqallı müsahibə verməklə Mançester təmsilçisini tənqid hədəfinə çevirdi;
  • DÇ-2022-də həm futbolçu, həm də şəxsiyyət olaraq uğursuz oldu. İstədiyi nəticəni qazana bilməməklə yanaşı, bir sıra qalmaqallar yaşadı. O, Brunonun qolunu öz adına yazmağı tələb etdi, cənubi koreyalı oyunçu ilə mübahisə etdi;
  • Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer oldu və Avropadakı çıxışını tamamladı.

Bu hadisələr cəmi altı ay ərzində reallaşdı. Ronaldo bu vaxt ərzində ulduzdan, adi qalmaqallı futbolçuya çevrildi. Azarkeşlər və mütəxəssislər bunu onun xarakteri ilə əlaqələndirdilər. Hər kəs “Mançester Yunayted”lə Avropa Liqasında oynamaq istəməməsinə görə belə davrandığını düşünürdü. Ancaq indilərdə məlum oldu ki, əslində hər şey başqa imiş.

Fransanın nüfuzlu “L’Equipe” nəşri Ronaldoya yaxın olan şəxslərdən biri ilə əlaqəyə keçib. Məlum olub ki, ulduz futbolçu oğlunu itirdikdən sonra tamamilə dəyişib. Bir müddət dayanmadan qol vurmağa, yaxşı çıxış etməyə davam etsə də, reallıq başqa olub. Özünə münasibəti dəyişib. Əvvəlki kimi formasına diqqət yetirmir, daha sonra psixoloji problemlər yaşamağa başlayıb. Baş məşqçi və “Mançester Yunayted” ilə pozulan münasibətlər 20 ilə yaxındır dostu və meneceri olan Jorje Mendeşə qədər davam edib.

Kriştiano mayda hər kəsin gözündə, böyük itkinin belə sındıra bilmədiyi polad adam idi. Məhz buna görə, heç kim forvardın karyerasındakı sürətli enişi uşağının ölümü ilə əlaqələndirmədi. Zaman ötdükcə, reallıq hər kəsə aydın oldu. İnsanlar anlamağa başladı ki, portuqaliyalı futbolçu heç də hissiz adam deyil, o da narahat ola və hansısa hadisədən təsirlənə bilər.

Onun Səudiyyə Ərəbistanına transferi nə qədər tənqid olunsa da, formasını bərpa etmək baxımından böyük önəm daşıyır. Bəlkə də yaxın vaxtlarda görmək istədiyimiz Ronaldoya qovuşacağıq. Amma unutmaq lazım deyil ki, heç nə əvvəlki kimi olmayacaq. Çünki o da hər bir insan kimi qocalır. Artıq nə az, nə çox, 38 yaşı var. (Aut.az)

Bənzər yazılar

Back to top button