Cəmiyyət

Novruz bayramı başlanıb…

Ötən hər gün bizləri bayramın tərkib hissəsi olan çərşənbələrin, Xıdır Nəbi günlərinin qeyd ediləcəyi çərşənbələr yaxınlaşdırır.

Bu bayramın tarixi…

Bu bayramın qeyd olunmasında azərbaycanlıların zərdüştilik ənənələri özünü göstərir. Zərdüştilik isə Zərdüşt peyğəmbərin adı ilə bağlıdır. Bu bizim eraya qədərki minillikdə təkallahlı din kimi yaradılıb.

Amma burada da maraqlı məsələlər var. Belə ki, alimlər Zərdüşt peyğəmbərin harada anadan olmasını mübahisələndirirlər, əksəriyyət hesab edir ki, Zərdüşt peyğəmbər b.e. ə qədərki dövrün 6-5-ci əsrlərində indiki İran Azərbaycanı ərazisində anadan olub.

Zərdüştlük inancı nələri öyrədir?

Təkallahlı din olan zərdüştlük Allaha ibadət üçün islam dinində olduğu kimi 5 dəfə ibadət olunması ardıcıllığını bildirir. Cənnət, cəhənnəmin mövcudluğunu, Qiyamət günündə insanların haqq və nahaq olduqlarını müəyyən edəcək sirat körpüsündən keçəcəklərini təsdiqləyir.

Bu bayram hələ də qeyd olunur

Həmin zaman çağından minilliklər keçsə də müasir azərbaycanlılar əcdadları kimi yaz bərabərliyini, yeni ili hələ də bayram kimi qeyd edirlər.

Bizim arealda yaşayan bir sıra xalqlar bu və ya digər səbəblərdən bu bayramı qeyd etmirlər. Azərbaycan xalqı isə hələ də nəinki bu bayramı qeyd edir, habelə onu təmtəraqını artırır.

Səbəb də budur ki, Novruz bayramı müxtəlif vaxtlarda, müxtəlif rejimlər zamanında, o cümlədən sovet hakimiyyəti dövründə də təzyiqlərə məruz qaldı, amma xalq öz bayramına sahib çıxdı.

Azərbaycan XX əsrin 90-cı illərində milli və dövlət müstəqilliyi əldə etdikdən sonra isə Novruz bayramı rəsmi dövlət bayramı statusu qazandı. Əmək qanunvericiliyi ilə bayram günləri qeyri-iş günləri elan edildi.

Azərbaycanda ilin dəyişməsini, Novruz şənliklərinin başlamasını göstərən rəmzi bayram tonqalı hər il məhz ölkə prezidenti tərəfindən İçərişəhərdə, Qız Qalasının yaxınlığında yandırılır.

Milli kimlik bayramı

Həm də bunu qeyd etmək lazım gəlir ki, Novruz bayramı artıq azərbaycanlılar üçün təkcə təqvim dəyişməsi kimi sadə tarixi fakt deyil, həm də milli kimlik xüsusiyyəti daşıyan bir mahiyyətdir.

İl bayramına kimi qeyd olunan çərşənbələr

İl dəyişənə qədər isə ardıcıllıqla 4 bayram şərşənbəsi qeyd edilir. Belə ki, ilkin olaraq, bu il üçün fevralın 21-də Su çərşənbəsi qeyd edilir. Bu çərşənbəyə Əzəl, Sular Novruzu da deyirlər. Gün doğmadan öncə hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir. Xalqın inançına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Fevralın 28-də isə ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunacaq. Ona xalq arasında Xəbərçi, Üskü, Adlı çərşənbə də deyirlər. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Martın 7-də isə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi qeyd olunacaq. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir .Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Martın 14-də isə İlaxır və ya Torpaq çərşənbəsi qeyd olunacaq, Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır.

Novruz bayramının tacı martın 20-i yaz bərabərliyi günü sayılır. Bayram xalq şənlikləri və ziyafətlərlə qeyd olunur.

Bənzər yazılar

Back to top button