Nüfuzlu amerikalı senatorlar yenidən Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıblar

Çərşənbə axşamı ABŞ-ın mühüm senatorları növbəti dəfə Azərbaycan hakimiyyətini fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.
“Mən siyasi motivlərlə ittiham olunan fəal Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi barədə həyəcanlı məlumatlar fonunda onun hələ də həbsdə saxlanmasından narahatam”, -Senatda ikinci nüfuzlu demokrat senator Dik Durbin bildirib.
“Mən Azərbaycan hökumətini tibbi və humanitar mülahizələrlə onu dərhal azad etməyə çağırıram”, -Durbin Twitter-də yazıb.
Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin də Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi tibbi və humanitar mülahizələrlə dərhal azad etməyə çağırıb.
“Vətənsdaş fəalı Bəxtiyar Hacıyevin həbsinə son qoyulmalıdır”, – Kardin ayrıca tvitdə qeyd edib.
“Hacıyevin səhhəti sürətlə pisləşir və biz Azərbaycan hökumətinə müraciət edərək onu tibbi və humanitar mülahizələrlə dərhal azad etməyə çağırırıq”, – o əlavə edib.
Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. O bu ittihamları kəsinliklə rədd edir və aclıq elan edib.
Ötən həftə də Durbin və Kardin bəyanatla çıxış edərək Bəxtiyar Hacıyevin dərhal azad edilməsini tələb etmişdilər. Rəsmi Bakı bu çağırışa reaksiya verməyib.