AnalitikaManşet

ABŞ diplomatiyası növbəti dəfə Rus diplomatiyasını məğlub edir: Kremlin ən böyük səhvi

Soyuq müharibəni qələbə ilə başa çatdıran ABŞ diplomatiyası bir müddət rəqibsiz qalmışdı. Amma xüsusilə Əfqanıstan və İraqın işğalından sonra ABŞ-ın qlobal hegemoniyasına qarşı etirazlar, ABŞ-ın qlobal imicinin zərər görməsi, ABŞ-dan uzaqlaşmalar, ABŞ-dan kənar qütbləşmələr, Avropa-Rusiya yaxınlaşması və s. proseslər getməyə başladı. ABŞ bir qədər də ləng davransaydı İraqın işğalı zamanı gərginləşən ABŞ-Fransa+Almaniya münasibətləri fonunda Fransa-Almaniya-Rusiya yaxınlaşması və Almaniya ilə Fransanın ABŞ-dan uzaqlaşması sürətlənə bilərdi. Amma prosesləri düzgün dəyərləndirən ABŞ 2 önəmli addım ilə prosesi əsasən dayandırmağı bacardı:

1. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi (Gürcüstanın 8 avqust 2008-ci il tarixli hərbi əməliyyatından sonra Rusiyanın Gürcüstan ərazilərini növbəti dəfə işğalı) və təxminən Gürcüstanın ərazi bütövlüyünün qurban verilməsi bahasına
2. 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi (Ukraynanın NATO üzvlüyü iddiası və silahlandırılması bəhanəsi/səbibi ilə başlayan Rusiyanın Ukrayna ərazilərini işğalı) sayəsində

Bu iki proses qlobal imic baxımından Rusiyanı yenidən ABŞ-dan geriyə saldı, Rusiyanın zəiflədilməsi və Avropadan uzaqlaşdırılması baxımından ciddi təsir yaratdı.

1 ili tamam olacaq son müharibənin öncəsi və müharibə boyunca ABŞ rəsmilərinin açıqlamalarına və atdığı addımlara nəzər saldıqda aydın görünür ki, məqsəd uzunmüddətli müharibə ilə bir neçə hədəfə çatmaq və hətta ola bilsin ki, Rusiyanı ən azı kiçik (taktiki) nüvə silahından istifadə etməyə sövq etməkdir. Proses addım-addım bu sonluğa doğru aparılır. ABŞ üçün Rusiyanın kiçik (taktiki) nüvə silahından istifadəsi həm bu dövlətin qlobal imicinin daha da ciddi zərbə alması, həm də Rusiya ilə ətrafı arasındakı qırılmanın izlərinin dərin olmasını təmin etmək baxımından çox önəmlidir. Bununla ABŞ eyni zamanda mülki əhaliyə qarşı nüvə silahından istifadə etmiş tək dövlət olmaq imicindən də qurtulmuş olacaq.

Hazırkı proseslər, o cümlədən qeyd etdiyim ehtimal Ukrayna baxımından çox acıdır. Amma təəssüf ki, proses bu istiqamətdə gedir. (Bu qeyd proseslərin ümumi gedişi barədədir, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin mahiyyətini dəyişmir.)

Araz Aslanlı, politoloq

Bənzər yazılar

Back to top button