İdman

Xavi: “Messinin evi “Barselona”dadır”

“Barselona”nın baş məşqçisi Xavi klubun keçmiş futbolçusu, həmçinin sabiq komanda yoldaşı olan Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı barədə danışıb.

Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, mütəxəssis hazırda PSJ-nin formasını geyinən 35 yaşlı forvard üçün “Barselona”nın qapılarının həmişə açıq olacağını deyib:

“Dünyanın və tarixin ən yaxşı oyunçusu həmişə istənilən komandaya uyğunlaşa biləcək. “Barselona” Messinin evidir. Qapılarımız həmişə ona açıqdır. Daha deməyə sözüm yoxdur.

Messi mənim dostumdur, daim əlaqə saxlayırıq. Biz klub prezidenti ilə çox şeyi müzakirə edirik. Lakin çox şey Lioneldən, onun bundan sonra nə etmək istədiyindən, həmçinin klubun nəyə ehtiyacı olmasından asılı olacaq. Ancaq Messinin evi buradadır. Buna heç bir şübhə yoxdur”.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə “Barselona”da oynayıb. O, 2021-ci ilin yayında Kataloniya klubundan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib. Argentinalı forvardın Paris təmsilçisi ilə sözləşməsi bu mövsümün yayına qədərdir. Lakin müqavilənin uzadılması variantı da müzakirə olunur. Həmçinin Messinin “Barselona”ya qayıdacağı haqda xəbərlər də yayılıb.

Bənzər yazılar

Back to top button