Hadisə

Prokurorluq rüşvət alan 19 vəzifəli şəxsi məsuliyyətə cəlb edib

Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Daşınmaz əmlak üzrə Dövlət Xidmətinin və bəzi rayonların icra hakimiyyətlərinin külli miqdarda rüşvətxorluqda ittiham olunan bir qrup vəzifəli şəxsinə qarşı cinayət işinin istintaqını başa çatdırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Daşınmaz əmlak üzrə Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri bələdiyyələrin və icra hakimiyyətlərinin nümayəndələrilə əlbir olaraq 169 halda rüşvət almaq üçün bələdiyyə torpaqlarının qanunsuz satışını təşkil edib.

Faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun tabeliyində olan Əsəd Nəsibov, həmçinin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri, Sumqayıt bələdiyyəsinin şöbə müdiri, Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavinidir.

Yuxarıda qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələrlə ittiham irəli sürülüb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər yazılar

Back to top button