İqtisadiyyat

Avropa enerji təhlükəsizliyini təmin etmək üçün çox iş görməlidir

Bir ildir davam edən Rusiya-Ukrayna müharibəsi ildə 155 milyard kubmetr Rusiya qazı istehlak edən Avropada enerji böhranına gətirib çıxarıb, lakin Ukraynaya dəstək olaraq Rusiyaya qarşı sanksiyalar paketi qəbul edib və Rusiya qazının alışını 7%-ə endirib.

Birləşmiş Ştatlar Avropaya enerji böhranını aradan qaldırmaqda kömək edir və dünya üzrə mayeləşdirilmiş təbii qazın (LNG) ümumi satışının təxminən 2/3-ü Avropaya yönəldilib, deyə fevralın 22-də ABŞ səfirliyinin virtual rejimdə təşkil etdiyi enerji təhlükəsizliyi və Azərbaycanın rolu mövzusunda dəyirmi masada Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Conatan Elkind bildirib.

“Bu həm də Amerika LNG-nin alıcıları arasında olan Çində bu qış pandemiya məhdudiyyətlərinin olması və LNG axınının bu il isti qış olan Aİ-yə yönləndirilməsi səbəbindən mümkün olub. Bununla belə, düşünürəm ki, qarşıdan gələn qış daha çətin ola bilər və Aİ Rusiya Federasiyası istisna olmaqla, bütün qaz təchizatçıları ilə fəal danışıqlar aparır”, – ekspert qeyd edib.

Onun fikrincə, 2 ildən artıqdır ki, Cənub Qaz Dəhlizi ilə Aİ-yə qaz tədarük edən Azərbaycan avrozonaya əlavə qaz təchizatı mənbələri tapmağa çalışır, bu, “müəyyən dərəcədə enerji böhranının aradan qaldırılmasına töhfə verir, amma təbii ki, o, Avropanın böyük ehtiyaclarını tam ödəyə bilməz.

“Norveç və ABŞ avro zonasına tədarükləri artırmağa çalışır, digər ölkələrdən də axınlar var. Aİ həmçinin bərpa olunan enerjinin payını artırır və Azərbaycanın bərpa olunan enerji və yaşıl hidrogen layihələrini fəal şəkildə inkişaf etdirməsini və hətta ixrac etməyi planlaşdırmasını vacib hesab edir”, – deyə Elkind bildirib.

Onun fikrincə, Xəzər regionu Avropanın enerji təhlükəsizliyi baxımından vacibdir.

Bunu bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi sübut etdi, indi isə Cənub Qaz Dəhlizi bunu təsdiq edir.

Amerikalı ekspert ümid etdiyini bildirib ki, Türkmənistan gözünü Qərbə çevirəcək və Azərbaycan ərazisindən qaz nəql etməklə Avropaya kömək edəcək.

“Coğrafi baxımdan Türkmənistan və Azərbaycan Xəzər dənizi üzərindən yaxınlıqda yerləşir və texniki baxımdan Aşqabad üçün çatdırılmanı təşkil etmək asandır. Türkmənistan qazının Çinə, Rusiya Federasiyasına satılmasından əlavə, o, Avropaya da gedə bilər və Transxəzər kəmərinin reallaşmasına ümid var”, – deyə Elkind qeyd edib.

Ekspert hesab edir ki, Avropanın qarşıdan gələn qışda “Yaşıl əqd” üzrə məqsədlərini pozmamaqla öz enerji təhlükəsizliyini təmin etmək üçün görəcəyi çox işi var.(Turan)

Bənzər yazılar

Back to top button