Cəmiyyət

Naxçıvanda Həmkarlar İttifaqından ünvanlı şikayət: Min manat…

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına (HIŞ) aid güzəştli yollayışların işçilərə məcburi, həm də baha qiymətə satıldığı bildirilir. „Ağbulaq İstirahət Mərkəzi“ ilə işbirliyində ittiham olunan Şura rəhbərliyi, bu mətkəzə yollayışları 1000 manatdan satdığı bildirilir. Onlara yollayışları baha satmaqda isə, dövlət idarə və müəssisələrinin rəhbərliyi köməklik edir. Bu haqda „Gündəlik Naxçıvan”a bu idarə və müəssisələrdə çalışan əməkdaşlar məlumat verib. Onlar deyir ki, hər ay növbə ilə ən az iki dövlət idarəsi, öz işçilərinin bir neçəsini ailələləri ilə birlikdə istirahətə getməyə məcbur edilir. Əslində, güzəştlə 100-150 manata başa gəlməli olan yollayış hər bir işçiyə 1000 manata satılır. Yollayışı almaqdan imtina edən işçilər, işdən qovulmaqla hədələnirlər.
Rüşvət şəklində işçilərdən alınan pulların Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov və Həmkarlar İttifaqı Şurasının sədri Anar İbrahomov arasında bölüşdürüldüyü bildirilir.

Dövlət idarələrinin birində çalışan şikayətçi Sabit Quliyev deyir ki, keçən ay növbə onların idarəsinə çatıb və onu yollayış almağa məcbur ediblər:

“Həmkarlar İttifaqı qanunla putyovka bizə 80-90 faiz güzəştlə verməlidir. Onlar isə, bunu bizə 1000 manata satır. Yəni, əslində biz göndərişə 100-150 manatdan artıq ödəməməliyik. Qalanınını Həmkarlar İttifaqı bizdən hər ay topladığı pulların hesabına ödəməlidir. Onlar isə əksinə, öz qiyməti 800 manat olan istirahətə görə əlavə 200 manat da artıq alırlar. Yəni, mən bu gün öz hesabıma Mərkəzə istirahətə getsəm, Həmkarlar İttifaqının təklif etdiyindən 200 manat ucuza başa gələr. Məcburi göndərirlər. Deyəndə o qədər pulum yoxdur, deyirlər ki, sən narahat olma, hissə-hissə maaşından tutacağıq. Etiraz edəni işdən qovurlar deyə, hamı məcbur olub, razılaşır“.

Yuxarıda deyilənləri Naxçıvan Həmkarlar İttifaqı Şurasının adının çəkilməsini istəməyən əməkdaşı da təsdiq edir. Onun sözlərinə görə, bunda əlavə hər il büdcədən də milyonlarla vəsait mənimsənilir:

“Məsələn uşaqlar üçün bir neçə günlük “Yay məktəbi”, “STEAM Yay məktəbi”, “Zəfər düşərgəsi” və müxtəlif seminarlar təşkil olunur. Hər dəfəsində bu tədbirlərin təşkili üçün hesabından küllü miqdarda pul silinərək şəxsi adamların sərəncamına verilir. Ucuz qiymətə nootbuklar, müxtəlif texniki avadanlıqlar alınır, hamısı baha qiymətə sənədləşdirilir. Ən çox Ağbulaq İstirahət Mərkəzi ilə işləyirlər. İdarə və müəssisə işçiləri yollayışları baha qiymətə almağa məcbur edilirlər. İstirahət 3-4 günlük nəzərdə tutulsa da, sənədləşmədə işçilərin orada 10-15 gün qaldığı göstərilir. Beləliklə, həm işçiləri soyurlar, həm də büdcəni talayırlar”

Əməkdaş iddia edir ki, rüşvət və korrupsiya yolu ilə əldə olunan pul, bir neçə şəxs arasında bölünür:

“Bu pullardan aylıq 50 min manat Azər Zeynalova, 5 min manat Şura sədri Anar İbrahimovq, 500 manat isə, onun müavininə çatır. Əvvəl, şuranın kphnə sədrinin zamanında Azər Zeynalov 40 min alırdı. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra ona çatacaq pul on min manat artırılıb“.

Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Həmkarlar İttifaqı Şurası ilə əlaqə saxladıq. Şuradan iddialara aydınlıq gətirmək istəmədilər. Onların mövqeyini də işıqlandırmağa hazırıq.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatının, 9 Birləşmiş Həmkarlar İttifaqı komitəsinin, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı 46 min 134 nəfərdir.

Bənzər yazılar

Back to top button