Siyasət

Klinton da Bəxtiyar Hacıyevdən yazdı: “Vəziyyəti getdikcə pisləşir…”

44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi vəzifəsini icra etmiş tanınmış siyasətçi Hillari Klinton Azərbaycanda həbsdə aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün rəsmi tvitter səhifəsində yazıb.

“Azərbaycanlı fəal Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların xoruna öz səsimi əlavə edirəm. O, dekabr ayından siyasi motivli ittihamlarla həbsdə saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirir və vəziyyəti getdikcə pisləşir. Dünya baxır”, – deyə H. Klinton bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ senatorları Ben Kardin və Dik Durbin də iki dəfə Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış ediblər.

Həmçinin fevralın 11-də ABŞ Dövlət Departamentinin rəsmi saytında eyni məzmunlu məlumat paylaşılıb.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.

İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini 1 ay, ötən gün – fevralın 23-də isə daha iki ay uzadıb.

Bənzər yazılar

Back to top button