Siyasət

Toyvo Klaar Brüssel görüşünü hazırlamaq üçün gəlir?

Ötən gün axşam Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Yerevana gedib.

Cümə günü səhər o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib ki, “Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə edilmiş razılaşmaların icrası prosesi” müzakirə olunub.

Klaar fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşü nəzərdə tutaraq “Münhen görüşlərinin yekunları üzrə bir sıra məsləhətləşmələr aparmaq niyyətində” olduğunu bildirib. Bu barədə o, Tvitter hesabında yazıb.

Avropa İttifaqındakı mənbələrə görə, Klaar Yerevandan Bakıya gələcək, burada yüksək səviyyədə görüşlər keçirəcək.

Xatırladaq ki, Azərbaycan prezidenti də Brüsseldəki üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib. Brüssel görüşünün təşəbbüsçüsü dövlət katibi Blinken də danışıqlarda irəliləyiş barədə dəfələrlə bildirib.

Cümə axşamı Dövlət Departamentinin mətbuat katibi Ned Prays tərəflərin Brüsseldə yeni görüş hazırladığına işarə edib.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Toyvo Klaar Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə qarşıdakı görüşün parametrlərini və gündəliyini razılaşdıracaq.(Turan)

Bənzər yazılar

Back to top button