Siyasət

AŞPA Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.

“Report” xəbər verir ki, toplantıda “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə: Avropada fəaliyyət və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Uşaqlar üzrə alt komitənin üzvü Baronessa Dorin Masseyin məruzəsi dinlənilib.

Müzakirələrdə Azərbaycanı Milli Məclisin deputatları – Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Könül Nurullayeva və Nigar Arpadarai təmsil edib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri üzrə Komitəsinin üzvü, AŞPA-nın Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin, həmçinin Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva çıxışında bu gün uşaqlara qarşı cinsi zorakılığın ən təhlükəli cinayət növlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın bu problemlə mübarizədə uğurlu təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Deputat bildirib ki, 2001-ci ildən etibarən Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan üçün də uşaq hüquqlarının qorunması, müdafiəsi hər zaman prioritet olub və qarşılıqlı əməkdaşlıq əhəmiyyətli töhfələr verməkdədir. “Azərbaycan 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan (EndOCSEA@Europe) –”Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması”na dair layihəyə dəstək verən 10 pilot ölkədən biridir.

Eyni zamanda Azərbaycan “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir” deyən K.Nurullayeva qeyd edib ki, Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri Azərbaycan da qəbul edir: “Çünki uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən həssas məsələlərdən biridir. Bu gün dünyanı sürətlə dəyişdirən texnoloji yeniliklər oflayn və onlayn təhlükəsizlik arasındakı fərqi ayırd etməkdə də müəyyən çətinliklər yaradıb. Bu gün uşaqların əksəriyyəti onlayn həyat tərzinə üstünlük verirlər, virtual və real dünya arasında heç bir fərq qoymurlar. Bu mənada strategiyalarımız və qanunvericiliyimiz də mövcud reallığa uyğunlaşdırılmalıdır”.

O, həm də domen və IP sistemlərinin idarə olunması üzrə Təyin Olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası (ICANN) modelini nəzərdən keçirməyi təklif edib: “Bunun üçün bütün ölkələrdən birgə və həssas yanaşma tələb olunur. Həmçinin uşaqların düzgün müdafiəsi və cinayətkarların bütün yurisdiksiyalarda mühakimə olunmalarını təmin etmək üçün Avropa daxilində əməkdaşlığı gücləndirmək vacibdir”.

Videokonfransda həmçinin Avropada uşaq yoxsulluğunun aradan qaldırılmasında beynəlxalq öhdəliklər, eləcə də gələcəkdə ictimai sağlamlıq naminə COVİD-19 pandemiyasına qarşı təsirli və hüquqa əsaslanan reaksiyaları əhatə edən mühazirələr də dinlənilib.

Bənzər yazılar

Back to top button