İdman

Məğlubiyyətə layiq “Qarabağ”

“Qarabağ” avrokubokların yaz bölümündə mərhələ adlamağı yenə bacarmadı və layiq olduğu məğlubiyyəti aldı. Tarixi şans var idi, hətta bəxt komandanın yolunu penalti seriyasına kimi uzatmışdı. Amma və lakin…

“Gent” təmsilçimizdən daha üstün oynadığından, mərhələ adlamaq da Belçika klubunun haqqı idi. Bakıdakı matçın ikinci hissəsi istisna olmaqla, rəqib daha yaxşı təsir bağışladı. Cavab oyununda “Qarabağ” matça inamlı bağışlasa da, zaman irəlilədikcə “Gent”in üstünlüyü nəzərə çarpdı. “Qarabağ”ın yarımmüdafiə xəttindəki itkilər – Marko Yankoviçin zədəli, Qara Qarayevin xəstə olması yekun nəticəyə ciddi təsir göstərdi. Ağdamlılar məhz orta sahədə rəqibin üstün futboluna əngəl ola bilməyincə məlubiyyətlə barışdı.

Qurban Qurbanov start heyəti doğru seçmişdi. Matçın gedişi göstərdi ki, baş məşqçi ixtiyarında olan ən yaxşı oyunçulara ilk dəqiqələrdən şans verib. Çünki “Qarabağ”ın taleyini məhz sonradan meydana çıxan futbolçular müəyyənləşdirdi. Yeni transferlərin komanda oyununu gücləndirə bilməməsi, əksinə, bir az da zəiflətməsi rəqibin təzyiqi artırıb qələbəni təmin etməsinə səbəb oldu.

Matç penalti seriyasına kimi uzandısa, “Qarabağ” bəxtə minnətdar olmalıdır. Oyun əslində, bura qədər bitməliydi. Çünki komanda sərgilədiyi futbolla növbəti mərhələni haqq etmirdi. Adama Diakabi, Yassin Benzia və Redon Cica fərdi oyuna meyl etməklə “Qarabağ”ın “kimya”sını pozdu. Ən pisi onların öz top itkilərini sığortalamaq üçün onsuz da yorğun olan dayaq bölgəsi oyunçularına və müdafiəçilərə köməyə gəlməməsi idi.

Həlledici penaltini vura bilməməsi bir yana, şəxsi düşüncəm Benzianın komandaya yararlı olmayacağı ilə bağlıdır. Sanki özünü komandadan üstün görən fransalı məsuliyyəsizliyi ilə diqqət çəkirdi. Bütün ikili mübarizələri uduzan, fərdi bacarığının yetərsizliyinə baxmayaraq, bir neçə rəqibi aldatmağa çalışan legioner yoldaşlarının da əməyini yerə vururdu. Qurbanovun bu xarakterlə ona uzun müddət səbr etməyəcəyi dəqiqdir.

Təbii ki, matçı bir nəfər təkbaşına uduzmadı. Bakıdakı matçı da unutmadan “Qarabağ”ın komanda şəklində uduzduğunu vurğulamalıyıq. Klub rəhbərliyi, məşqçilər transferlərdə yubandı, itkiləri layiqincə sığortalaya bilmədi və nəticə göz qabağındadır. “Gent” keçiləsi rəqib idi, sadəcə, “Qarabağ” özü kifayət qədər zəifləyib.

Ola bilsin, yeni transferlər hələ tam hazır deyil, komandaya uyğunlaşmayıb. Lakin bu, bəhanə ola bilməz. Zatən aylarla futbol oynamayan iki oyunçunu eyni vaxtda transfer edəndə nəticə belə olmalıydı. “Qarabağ” mərhələni öz əlləri ilə rəqibə təslim etdi. Kadi Borgesin satışından əldə olunan gəlirlə ciddi transferlər edilmədi, hətta pulun 1/5-i xərclənmədi. Azad agent olan futbolçuların durumu isə bundan artıq ola bilməzdi.

Klub rəhbərliyi hər qələbədən sonra pafoslu açıqlama verməklə yadda qalırdı. Lakin dünənki matç göstərdi ki, bütün yükü Qurbanovun çiyninə yükləməklə deyil, “Qarabağ”a hazır, oyunun taleyini həll etməyə qadir olan ulduz gərək idi. Və həmin səviyyədə futbolçular gətirilmədi.

Buraqədərki çıxışına görə “Qarabağ”a təşəkkür etmək olar. Lakin dünənki oyun uduzulmamalıydı. Təəssüf ki, aylar boşa verildi, komanda yaxşı komplektləşdirilmədi, alınan futbolçuların hazırlıq səviyyəsinin yerində olmaması nəzərə alınmadı. Bir futbolçunun zəif çıxışını sığortalamaq olardı, heyətin az qala yarısı formada deyilsə, minimal hesablı məğlubiyyətə şükür etmək lazımdır.

Əlvida, avrokuboklar mövsümü. Böyük şansların bir-bir əldən qaçırıldığı mövsümün həzin sonu belə olmalıydı. “Qarabağ” təcrübəsinə, imkanlarına görə daha yaxşı oynamağa borclu idi. Komanda oyununa görə alqışı haqq etmədi.

futbolinfo.az

Bənzər yazılar

Back to top button