GündəmHadisə

Ana: Bəxtiyarın durumu ürəyimi parçalayır

Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 48 gündür aclığı davam etdirir. Onun səhhəti çox ağır olaraq qalır.

Bu barədə fevralın 25-də Bəxtiyar Hacıyevlə görüşdən sonra onun anası Solidə Mövlayeva Amerikanın Səsinə deyib.
Ana oğlundan aclığı dayandırmağı, bədəninə sistem köçürülməsinə razılıq verməsini xahiş edib.

“Lakin Bəxtiyar sonadək aclığı davam etdirəcəyində israrlı olduğunu dedi. Müalicə müəssisəsində ona qarşı münasibətin yaxşı olmadığını bildirdi. Dedi ki, 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılsa sistem köçürülməsinə razı ola bilər. Onun rəngi solğun idi, əlləri keyləşir, ayaq üstə dura bilmir, hədsiz arıqlayıb. Oğlumun durumu bir ana kimi ürəyimi parçalayır”, o qeyd edib.

Dünən, fevralın 24-də Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, artıq onun ürək nahiyəsində kəskin ağrılar baş qaldırıb, əlləri keyiyir, yuxuya gedə bilmir. Dedi ki, dünən gecə ümumiyyətlə yata bilməyib.

“O artıq 20,5 kiloqram çəki itirib. Bu gün çəkisi 64 kiloqram (təcridxanaya qəbul ediləndə çəkisi 84.5 kiloqrama olub) olub. Qan təzyiqi 95/65-dir. Su qəbul etdikdən sonra qanda şəkərin miqdarı 5,1 faizıdək yüksəlib. Quru aclıq edəndə şəkərin miqdarı 3,2 faizə enmişdi“, vəkil qeyd edib.

Bəxtiyar Hacıyev hazırda 48 gündür aclığı davam etdirir. O, 5 gün su qəbulundan da imtina edib. İnsan hüquqları fəalı özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Bənzər yazılar

Back to top button