Cəmiyyət

“Azərlotoreya”nın qumar biznesi

Ötənlərdə “Azerlotoreya”nın Azərbaycan Dövlət İqtisad Universiteti ilə imzalanan memorandum haqda məlumat verdik. Sözügedən addımın qanunvericiliyimizə nə dərəcədə zidd olduğunu da vurğuladıq. Bu məsələ sıravi vətəndaşdan millət vəkilinə qədər hamını narahat edir. Odur ki, deputatlarımızdan biri məsələni Milli Məclisdə qaldırıb.

AzToday.az “Kommersant.az”a istinadla xəbər verir ki, Milli Məclisin deputatı Tahir Kərimli mərc oyunlarının rəhbərliyinin Milli Məclisə çıxıb hesabat verməli olduğunu vurğulayıb:

“Sovet dövründə görürdüm ki, Rayon İcra Komitələri lotoreyanı necə təşkil edirlər. Kimi istəyirdilərsə, uduşa da onu salırdılar. Mən bunları desəm də, bilirəm ki, bu orqan ləğv olunan deyil. Amma deyirlər, bu xalqın rifahı üçündür. Mən başa düşmürəm xalqın burda nə rifahı var? Xalq burada sadəcə aldadılır. Heç kim buna hansısa formada nəzarət olunduğunu deyə bilməz. Gəlsin lotoreyaya məsul şəxs bir dəfə hesabat versin, görək, neyləyib? Məsələn, zəlzələyə nə kömək edib? Hansı işi görüb? Azərbaycan xalqının rifahı üçün neyləyib? Ancaq ciblərini doldururlar, bilmirik hara gedir bu vəsait? Qumar şirin olduğundan camaat qurşanır, oynayır, sonra da müflis hala düşür. Bu, cibə də, təhsilə də böyük ziyandır”.

Sözügedən məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrəndik:

“Çox təəssüflər olsun ki, bu birinci dəfə olmur. Bizim ali təhsil müəssisələrindən gözləntimiz tamam başqadır, amma onların etdikləri tamam başqadır. Xüsusən, İqtisad Universitetinin..

Əmək bazarında mövcud olan şirkətlərlə ali təhsil müəssisələri əməkdaşlıq etməlidir. Bunu bilirik. Hətta, İqtisad Universitetinin tədris proqramında qiymətli kağızlarla bağlı xüsusi ixtisaslar, tədris proqramı var. Onu da bilirik ki, lotoreya, mərc oyunları xüsusən gənclər arasında çox yayılıb. Buna məhəl qoymadan da universitetlərin, ictimai iaşə obyektlərinin yanında lotoreya, mərc oyunlarının satışı keçirilir.

Mən hesab edirəm ki, İqtisad Universitetinin məqsədi bu tipli müəssisələrin idarə edilməsilə bağlı bilik və bacarıqları formalaşdırmaqdır. Amma bilirik ki, bu həm də reklam funksiyasını həyata keçirmiş prosesdir. Mən də bu xəbəri oxuyanda açığı, təəccübləndim. Baxmayaraq ki, “Azərlotoreya” və digər lotoreya oyunları Azərbaycanda rəsmi fəaliyyət göstərir, ali təhsil müəssisəsiylə memorandum bağlanması doğru yanaşma tərzi deyil. Yaxşı olar ki, universitetlər iri holdinqlər, böyük müəssisələrlə, korporasiyalarla memorandumlar imzalayıb, onlardan iş prinsipləri öyrənsin”.

Bənzər yazılar

Back to top button