İdman

Rövşən Nəcəfin “Neftçi” üçün Qurban Qurbanov planı alınmadı, onu gətirir

«Neftçi»nin yeni rəhbərliyi mövsümün başa çatmasını böyük səbirsizlklə gözləyir.

Bununla bağlı redaksiyamıza bir sıra mühüm informasiyalar daxil olub.

Əldə etdiyimiz məlumata görə, ötən ilin dekabrında Müşahidə Şurasının sədri seçilən Rövşən Nəcəf baş məşqçi postu ilə bağlı mövqeyini qətiləşdirib.

Komanda ölkə kubokunu qazanmasa, Lorentsiu Regekampfla yollar ayrılacaq. Bu, artıq dəqiqdir. Keçən ilin iyununda işə başlayan rumıniyalı hansı halda fəaliyyətini davam etdirə biləcəyini artıq bilir.

Premyer Liqada çempionluq yarışmasını erkən tərk edən «ağ-qaralar» ikinci dərəcəli turnirdə də hədəfə çatmasa, onunla müqaviləyə birtərəfli qaydada xitam veriləcək.

Bir müddət əvvəl xəbər vermişdik ki, SOCAR-ın prezidenti və «Neftçi»nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəf maraqlı fikrə düşüb. Belə ki, o, Qurban Qurbanovu paytaxt klubuna qaytarmaq istəyir.

Neft şirkətinin rəhbəri bu barədə arzusunu yaxın çevrəsinə bildirib. Nəcəf 14 ildən artıqdır «Qarabağ»ı çalışdıran təcrübəli mütəxəssisi yenidən «Neftçi»də görmək niyyətində olduğunu söyləyib.

Qurbanov 2006-cı ilin yayında «ağ-qaralar»ın sükanı arxasına keçib və 2008-ci ilin əvvəlində buradan ayrılıb.

SOCAR-ın prezidenti əmin olduğunu deyib ki, o, təkrar qayıdışa razılıq versə, «Neftçi»nin həyatında ən parlaq dönəm başlayacaq.

Lakin ətrafı R.Nəcəfə izah edib ki, Qurban Qurbanovla anlaşma alınan iş deyil. Odur ki, şuranın yeni sədri üzünü Rəşad Sadıqova tərəf çevirib.

R.Nəcəf «Zirə»də üçüncü mövsümünü keçirən gənc mütəxəssislə görüşmək fikrindədir. Təbii ki, tək yox. Şuranın digər üzvləri ilə bərabər.

Özü də o, bu məsələni tez həll eləməyə hazırlaşır. Ondan olsa, tərəflər elə martda bir araya gələcək və əgər fikirlər üst-üstə düşsə, uzunmüddətli müqavilə imzalanacaq.(Sportinfo.az)

Bənzər yazılar

Back to top button