İqtisadiyyat

Buxarestdə Gürcüstan və Rumıniya arasında kabel çəkilməsi haqqında Memorandum imzalanacaq

Dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan rəhbərlərinin və Avropa İttifaqı komissarlarının iştirakı ilə Qara Dənizin dibindən elektrik enerjisi və rəqəmsal rabitə kabelinin çəkilməsi haqqında Memorandum imzalanacaq.

Hökumətdəki mənbənin Turan-a verdiyi məlumata görə, layihə Azərbaycanın ofşor (dəniz) və onşor “yaşıl enerji” obyektlərində elektrik enerjisi istehsal etməsini və onu elektrik xətti ilə Gürcüstana, Gürcüstandan isə kabellə Rumıniyaya, oradan da Macarıstana ixrac etməsini nəzərdə tutur.

“Buxarestdə 4 ölkənin Avropanın Global Gateway təşəbbüsü çərçivəsində həyata keçirilən bu layihədə maraqlı olduğu qeyd ediləcək. Daha sonra layihə üzrə işlər – TİƏ-nin hazırlanması və digər məsələlər başlayacaq”, deyə mənbə qeyd edib.

Layihənin həyata keçirilməsi müddəti əsasən Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar Qara Dənizdəki vəziyyətdən asılıdır.

Dekabrın 10-da bu layihə Aİ Şurasının iclasında təqdim edilib. Burada bildirilib ki, layihənin həyata keçirilməsinə 2,3 mlrd. avro tələb olunacaq.

Aİ-nin planlarına əsasən, 2023-cü ildə energetika sektorunda islahatların dəstəklənməsinə yönəlmiş işlər və bərpa olunan enerji mənbələrinə investisiyalar planlaşdırılıb. Eyni zamanda, 2023-cü ildə Qara Dəniz layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını yekunlaşdırmaq planlaşdırılır.

Bir müddət əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Bakı Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər layihənin TİƏ-ni yekunlaşdıracağını düşünür.

Layihədə Gürcüstan və Rumıniya arasında 1000 MVt gücündə və 1195 km uzunluğunda elektrik xətlərinin və rəqəmsal rabitə kabelinin çəkilməsi nəzərdə tutulur.

Azərbyacan Energetika Nazirliyinin məlumatına görə, layihə “yaşıl enerji” dəhlizi olacaq və elektrik enerjisi bazarını şaxələndirməyə, Azərbaycanın enerji tədarükçüsü kimi rolunu artırmağa və Xəzər və Qara Dəniz regionlarının Avropaya inteqrasiyasını möhkəmləndirməyə imkan verəcək.

Global Gateway təşəbbüsü 2021-2027-ci illərdə dünyada infrastrukturun inkişafı üçün 300 milyard avroya qədər investisiyanı səfərbər etmək məqsədi daşıyır. Təşəbbüsdə Aİ-yə üzv ölkələr, onların maliyyə qurumları, o cümlədən Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı iştirak edir.

Bənzər yazılar

Back to top button