Gömrük Komitəsinin sabiq İdarə rəisi “Paşa Holdinq”ə bağlı şirkətə direktor təyin olundu
Dövlət Gömrük Komitəsinin sabiq İdarə rəisi Mirmahmud Miratayev “Xalq Əmlak” MMC-nin (VÖEN – 1307300541) direktoru təyin edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2021-ci ildə dövlət qeydiyyatına alınan “Xalq Əmlak” MMC nizamnamə kapitalı 40 milyon manatdır.
Uzun illər Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi olan Mirmahmud Miratayev ötən ilin yanvar ayından Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi İmtiyazların Tənzimlənməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, “Xalq Əmlak” MMC-yə daha əvvəl Bağırov Süleyman Mirtağı oğlu rəhbərlik edib.
Onu da bildirək ki, “Xalq Əmlak” MMC-nin təsisçisi 100% pay ilə ölkənin aparıcı banklarından olan “Xalq Bank” ASC-dir. “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC (16,15%) olub. “Xalq Bank” ASC-nin hesabatında iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.