Hadisə

Qarabağ qazisi mühacirətdəki oğlunun siyasi fəaliyyətinə görə polisə aparıldı

Son dövrlər Avropada, xüsusilə Almaniyanın ayrı-ayrı şəhərlərində “Siyasi məhbuslara azadlıq” şüarıyla aksiyalar təşkil edilir. Bu aksiyaların əvvəlki tədbirlərdən əsas fərqi odur ki, son mitinqlər beynəlxalq təşkilatların qarşısında keçirilir. Son mitinqlərin görünən tərəfi isə odur ki, keçirilən mitinqlərin həm təşkilində, həm də iştirakçılığında Almaniyada fəaliyyət göstərən DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının üzvləri daha çox aktivlik göstərirlər. Xüsusilə 19 fevral Nürnberqdə və 28 fevral Berlində BMT-nin ofisi qarşısında təşkil edilən mitinqlərdə bu özünü daha qabarıq göstərdi.

DAS təşkialtının koordinatoru Rafiq Təmrazovun verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan və “AMNESTEY İNTERNATONAL” təşkilatının Düsseldorf şəhərindəki qərargahı qarşısında 7 marta nəzərdə tutulan aksiyanın təşkilatçısına qarşı təzyiqlər başlanılıb. Belə ki, mitinqin keçirilməsinə üç gün qalmış 04 mart 2019-cu il tarixdə təşkilatçılardan biri Valeh Nəsibovun atası, Qarabağ qazisi Nəsibov Nizami Qaraca oğlu Nizami rayon Polis İdarəsinə aparılmış, orada bir neçə saat saxlanılmışdır. V.Nəsibovun bildirdiyinə görə onun Facebook şəbəkəsindəki hesabından yazdığı statusların silinməsi, eyni zamanda nəzərdə tutulan mitinqin ləğv edilməsi tələb edilib. Polisdə saxlanma zamanı mühacirin atasına təzyiqlər göstərilmiş, ciddi şəkildə təhdid edilmişdir.

Bundan sonra V. Nəsibovun qayınatası Qafar Mehdili oğlu Kamran Mehdili ilə birlikdə Sabunçu rayonu 13 Polis Bölməsinə aparılmışlar. Eyni təzyiq və təhdidlə üzləşən ata-oğul gecə saatlarında evə buraxılmışlar. V.Nəsibov bildirmişdir ki, qaynının və qaynatasının saxlanılması da onun siyasi fəaliyyəti və təşkil edəcəyi mitinqlə bağlıdır.

V.Nəsibov sosial şəbəkələrdəki hesablarından məlumat yayaraq bildirmişdir ki, nəzərdə tutulan mitinq keçiriləcək və o, siyasi xarakterli yazdığı heç bir statusu silməyəcək, əksinə hakim dairələrin özbaşınalığıyla bağlı, korrupsiya hallarıyla bağlı, Azərbaycanda insan hüququları və demokratiyanın vəziyyətilə əlaqədar bildiyi bütün həqiqətləri və tənqidi fikirləri söyləyəcək.

Qeyd edim ki, 07 mart 2019-cu il tarixdə Düsseldorf şəhərində, “AMNESTEY İNTERNATİONAL” təşkilatının ofisi önündə “SİYASİ MƏHBUSLARA AZADLIQ və AZƏRBAYCANLI MƏMURLARA SANKSİYALARIN TƏTBİQİ” şüarlarıyla mitinq keçiriləcək və mitinqin hər iki təşkilatçısı: Valeh Nəsibov və EMİL Quliyev DAS təşkilatının üzvləridir.

Bənzər yazılar

Back to top button