İqtisadiyyat

İqtisadçıdan 190 manata görə imtina cavabı alanlara məsləhət: “Məhkəməyə müraciət edin”

“190 manat birdəfəlik yardım almaq üçün müraciət edən və imtina cavabı alan vətəndaşlar məhkəməyə şikayət etməklə haqlarını tələb etməlidirlər”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunu pozaraq, işsizləri aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salaraq, yardım verməmək üçün onların sayını ən azı 2 dəfəyədək azaldıb:

“Sahil Babayevin “Azərbaycan” qəzetinə müsahibəsindən bəlli olur ki, ölkədə 1 milyon 235 min 200 nəfər işsiz kimi qeydiyyata alınmaq üçün “e-sosial” portalı üzərindən və məşğulluq mərkəzlərinə birbaşa müraciət edib. Nazir bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 600 min nəfərə 190 manatlıq birdəfəlik yardım verməklə yanaşı, ən azı 635 min 200 nəfərə də imtina cavabı veriblər. 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi, 170 min şəxsin adına aktiv VÖEN, 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, 19 min 200 şəxsin adında 2 və daha çox avtomobili olduğu üçün onlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. 41 min hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək təmin edildiyi məlum olub. Göründüyü kimi, birdəfəlik yardım alan işsizlərlə, birdəfəlik yardım almaqdan imtina edilərin birlikdə sayı 1 milyon 235 min 200 nəfər olub. Əslində onların hamısına 190 manat birdəfəlik yardım ödənilməli idi. Lakin, nazirlik qanunu pozaraq, işsizləri aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salaraq, onlara yardım verməmək üçün məhdudlaşdırıcı normalar tətbiq etməklə ehtiyacı və yardımı almaq hüququ olanların sayını ən azı 2 dəfəyədək azaltdı”.

Qubad İbadoğlu qeyd edib ki, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlara qarşı bu münasibət sosial cəhətdən böyük ədalətsizlikdir:

“Bundan əlavə həm də Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinin, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinin tələblərini kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, imtina cavabları alanlar öncə nazirliyə, sonra isə məhkəmələrə şikayət etməklə haqlarını tələb etməlidirlər”.

Bənzər yazılar

Back to top button