GündəmManşetSiyasət

Elmar Hüseynovun qətlindən 18 il keçir, verilən söz tutuldumu?

Bu gün, martın 2-də “Monitor” jurnalının baş redaktoru, jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 18 ili tamam olur. Sərt tənqidi yazıları ilə seçilən jurnalist 2005-ci ildə yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələrilə cinayət işi qaldırıb. Prezident İlham Əliyev isə bu qətli Azərbaycanın imicinə vurulan “qara ləkə” adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirmişdi. Lakin bu qətlin icraçıları və sifarişçiləri hələlik məsuliyyətdən kənarda qalıblar Bunun səbəbilə bağlı hələlik Baş Prokurorluqla danışmaq mümkün olmayıb.

Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Turan-a bildirib ki, Elmar Hüseynovun qatillərinin tapılmaması həqiqətən də düşündürücü məsələdir: “Çünki illər ötüb, amma bu məsələdə yenilik yoxdur”.

Deputatın fikrincə, bu işin bəlkə də daha peşəkarcasına təhqiqatına ehtiyac vardı: “Və ya xaricdən dəvət olunan mütəxəssislər bu işi gerçəkləşdirməliydilər. Amma hər halda bu, bir müəmma olaraq qalır və qatillərin tapılmaması yaxşı bir nəticə deyil. Qatillərin tapılması hüquqa güvəni artırardı”.

Fazil Mustafa hesab edir ki, Azərbaycanın yazılı jurnalistikası həm cəsarətinə, həm də imkanlarına görə əvvəlki dövrlərdə daha güclü idi: “Bloqer, yaxud da sayt formatında jurnalistlərin peşəkarlığı hər halda daha aşağıdır. İnformasiyanı dərhal qəbul edib cəmiyyətə ötürmək baxımından indiki jurnalistikada çeviklik daha çox özünü göstərir. Amma çap mediasında daha savadlı, daha peşəkar jurnalistlər fəaliyyət göstərə bilirdi, yetişirdi”.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli “Azadlıq” radiosuna bildirib ki, Elmar Hüseynovun qətli jurnalistlərin üzərində qorxu hissi baxımından bir dönüm nöqtəsi oldu: “O vaxt jurnalist Arif Əliyev “Jurnalistlərin hər birində blok qorxusu var” adlı gözəl bir yazı yazmışdı. O blok ki orada qaranlıqda güllələnən Elmar Hüseynovun qətlinin icraçıları və sifarişçiləri bu günə qədər məhkəmə önündə durmayıblar. Bunun məsuliyyəti isə hökumətin üzərinə düşür. O zaman (Gürcüstan vətəndaşları) Tahir Xubanov, Teymuraz Əliyev kimi şəxslərin adı çəkildi, sonra jurnalist araşdırmalarından məlum oldu ki, onların beynəlxalq axtarışa verilməsi məsələsi yalandır”.

Jurnalistikanın durumuna gəlincə, ekspertin fikrincə, burada tək ölüm deyil, digər aspektlər də önə çıxıb: “Bu, jurnalistlərin şəxsi həyatına qanunsuz müdaxilələr, onlara kiber və fiziki hücumlardır. Bu da istər-istəməz jurnalistləri özünü daha ehtiyatlı aparmağa məcbur edir”.

Məmmədli vurğulayıb ki, 18 il davam edən bu qorxu neqativ nəticələr verdi: “Elmar Hüseynovdan sonra digər jurnalistlərin həyatına qəsdlər oldu. Yazıçı Rafiq Tağı 2011-ci ildə yazdığı yazıya görə bıçaqlandı və sonra xəstəxanada öldü, jurnalist Rasim Əliyev 2015-ci ildə yazdığı fikrə görə döyüldü, sonra da xəstəxanada öldü. Bütün bunlar bir formada jurnalistləri ölümlə üz-üzə olduqları haqqında düşündürür və bu da söz azadlığı baxımından mənfi bir mühit yaradır”.

Elmar Hüseynov jurnalist fəaliyyətinə 1995-ci ildən başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. Onu 2005-ci il martın 2-də (38 yaşı hələ tamam olmamışdı) işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 18 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə mərhum jurnalistin xanımı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə 10 min avro cərimələnib.

Bənzər yazılar

Back to top button