ManşetSiyasət

Əliyevin QH sammiti üçün tezisləri

Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun “Bandunq prinsiplərini rəhbər tutmaqla, müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda Sammiti keçirilir.

Sammitdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən 60-a yaxın öölkənin dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Sammitə sədrlik edən prezident İlham Əliyev bir sıra regional və geosiyasi aspektlərlə bağlı mövqeyini açıqlayıb. Onun mövqeyinin mahiyyəti dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının pozulmasına qarşı mübarizədən ibarətdir.

QH – COVID-19

Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

QH – İnstitusional inkişaf

Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.

Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

QH – Beynəlxalq təhlükəsizlik

Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.

Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir

Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

QH – Neokolonializm

Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.

Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.

QH – BMT islahatı

Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik.

QH – Cənub-Cənub əməkdaşlığı

Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil.

QH – Ermənistan-Azərbaycan münaqişəsi

Daha öncə də qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.

2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm.

Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

QH – Azərbaycan

Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir.

Bənzər yazılar

Back to top button