Siyasət

Paşinyandan Kremlə Türkiyə və Azərbaycan mesajı: Hadrutda baş verənlərin arxasında hansı maraqlar dayanır?

Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən keçirdiyi Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər rəsmi İrəvanla Kreml arasında yaşanan fikir ayrılıqlarının daha da gərginləşdiyini bir daha ortaya qoydu.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl də Rusiyanın bölgədə olmasına qarşı idi. Baş nazir postunu ələ keçirəndən sonra da Kremlin maraqlarını görməzdən gələn addımlar atmaqdan çəkinmədi. Ermənistanın məğlubiyyəti ilə başa çatan 44 günlük müharibə zamanı istisna olmaqla Paşinyan Rusiyanın lehinə təsadüfi hallarda xoş sözlər deyirdi.

Dünən keçirilən iclsasda səsləndirdiyi fikirlər bu baxımdan diqqətə alınmalıdır. Belə ki, Hadrut hadisələrindən sonra keçirdiyi iclasda Türkiyə və Azərbaycana əməkdaşlıq mesajı verməsi Paşinyanın Ermənistanı Rusiyanın təsirindən çıxartmaq istəyində israrlı olduğunu göstərdi.

Müşahidələr göstərir ki, Paşinyan yaxın vaxtlarda Rusiyanın iştirakı olmadan Türkiyə ilə əlaqələr yaratmaq istəyir. Bunun üçün də Ermənistanda ictimai rəyi buna hazırlayır.

Əslində Paşinyan sərgilədiyi mövqe ilə dünən Qarabağda yaşanan hadisələrin arxasında da Rusiyanın durduğunu demək istədi. Çünki Rusiya mümkün olan bütün addımları atır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri düşmənçilik səviyyəsində qalsın.

Hazırda isə Ermənistanda siyasi durum çox gərgindir. Rusiyanın himayə etdi müxalifət partiyaları Paşinyan hakimiyyətini devirmək istəyirlər. Amma müxalifət Paşinyanı istefa verməyə məcbur edəcək səviyyədə meydana adam çıxara bilmir. Dünən Paşinyanın əminliklə istefa verməyəcəyini bildirməsini müxaliflərin timsalında Rusiyaya verilən mesaj kimi qiymətləndirmək olar.

Ermənistan ictimaiyyətində də Paşinyana münasibət birmənalı deyil. Xüsusi ilə də sadə Ermənistan vətəndaşlarının təxminən yarısı əvvəllər hakimiyyətdə olmuş “Qarabağ klanı” ilə müqayisədə Paşinyanı dəstəkləyir. Son rəy sorğularında Paşinyanın reytinqi 30-35 faiz civarında dəyişir. Bununla belə Paşinyanın nəzarətində böyük inzibati resurslar olsa da, siyasi elita mövcud hakimiyyətin qısa bir zamanda dəyişməsini tələb edir. Paşinyanın isə hərbi məğlubiyyətdən sonra vəziyyəti stabilləşdirmək üçün zamanı çox azdır. Müharibədə həlak olanların və itkin düşənlərin sayının çox olması səbəbindən artan narazılıq fonunda koronavirusla mübarizə və iqtisadi problemlərin həlli Paşinyan üçün uğurlu siyasi gələcək vəd etmir…

Bənzər yazılar

Back to top button