GündəmSiyasət

Xocalı görüşündən sonra ermənilər Qarabağda nə etdi? – Bakının mühüm planı

Martın 1-də Qarabağdakı erməni əhalisi ilə Xocalıda keçirilən ilk görüşdən sonra üç məqam diqqət çəkdi.

1. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bəyan etdi ki, “Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir”;
2. Xankəndidə separatçıların “başçısı” Araik Arutyunyan bildirdi ki, “gözlənilən Brüssel görüşündə uğur görmür”;
3. Günün sonunda separatçılar “Azərbaycan kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərini atəşə tutub” iddiasını irəli sürdülər;

Bu üç məqam, əslində proseslərin inkişafını da anlamağa imkan verir.

Birincisi, rəsmi Bakı Qarabağdakı erməni əhalisi ilə təmas quraraq, beynəlxalq ictimaiyyətə “ermənilərin hüquq və təhlükəsizliyini qorumaq” niyyətini nümayiş etdirdi. Ermənistan və separatçılar görüşlə bağlı müxtəlif iddialar – misal üçün, qondarma rejimi “tərəf” kimi göstərmək və s. – irəli sürsələr də, görüşün məhz Bakının gündəliyinə uyğun baş tutduğu şübhəsizdir və o da şübhəsizdir ki, beynəlxalq birlik bu gündəliyi qəbul edir. Klaarın “Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslar” qeydi də bunun nümunəsidir.

İkincisi, Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən liderlərin iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə, Bakı erməni əhali ilə qurduğu təması masaya qoyacaq. Bu baxımdan, Xocalıda keçirilən görüşün mümkün Brüssel görüşündən öncə baş tutması təsadüfi deyil. Erməni əhali ilə təmasın indi qurulmasını Qərb istəyirdi və Bakı bu addımı atmaqla xoş niyyətini göstərdi. Hadisələrin bundan sonrakı inkişafında artıq Azərbaycan məsuliyyət daşımır. Təmasların qurulması prosesi ermənilər tərəfindən pozularsa, o zaman, rəsmi Bakının öz suveren ərazisində ata biləcəyi praktiki addımları da beynəlxalq birlik qəbul etməlidir.

Mümkün Brüssel görüşündə irəli sürüləcək tələb də məhz Qarabağdakı erməni əhalinin Azərbaycan qanunvericiliyi altında yaşamasının tanınması ola bilər. Klaarın açıqlaması Aİ-də Bakının bu tələbinə isti yanaşıldığından xəbər verir. Araikin “Brüssel görüşündən müsbət gözləntisinin olmaması” da bundan qaynaqlanır. Çünki separatçıların beynəlxalq ictimaiyyətdə “tərəf” kimi qəbul edilmək istəkləri hər keçən gün sıradan çıxır, Xocalıdakı görüş də bu istiqamətdə növbəti addımdır.

Üçüncüsü, görüşdən dərhal sonra “Azərbaycanın ermənilərə hücumu” haqda absurd ittihamın gündəmə gətirilməsinin səbəbi aydındır;

– Xocalı görüşünün nəticələri və görüşə verilən reaksiyalar separatçıların marağına uyğun deyil;
– “Azərbaycanı hücum edən tərəf” kimi göstərməklə inteqrasiya prosesinin “mümkünsüz olduğunu” nümayiş etdirmək istəyirlər;
– Erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını bu yolla almağa çalışırlar;

İstisna deyil ki, separatçılar bu cür təxribatlarla təmasların qurulması prosesinə mane olacaqlar. Və bu, Bakının praktiki addımlar atmasını şərtləndirə bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button