Siyasət

Almaniya Ermənistanda Aİ-nin müşahidə missiyasında iştirakını genişləndirməyi planlaşdırır

Almaniya Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdirilməsi üçün Ermənistanın sərhəddə yerləşən rayonlarına daha çox müşahidəçi göndərəcək. Bu barədə Almaniya kansleri Olaf Şolts martın 2-də Berlində Ermənistan baş naziri Nikol Paşinyanla görüşün yekunlarına görə bildirib.

Paşinyanla birgə keçirdiyi mətbuat konfransında çıxış edən Şolts Qarabağın status-kvosunun qeyri-sabit, humanitar vəziyyətin isə “həddindən artıq acınacaqlı” olaraq qalmasından narahatlığını bildirib, xəbəri “Deutsche Welle” radiostansiyası yayıb.

Kansler münaqişənin hər iki ölkənin ərazi bütövlüyü və Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə riayət edilməsi əsasında nizamlanması üçün “həyata keçirilməsi mümkün olan həll” tapmağa çağırıb.

Şolts Aİ-nin Dağlıq Qarabağda sərhədi xəttinin arxasında Almaniya federal polisinin zabitinin başçılıq etdiyi müşahidə missiyası ilə “çox qürur duyduğunu” vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistanda 2 illik mülki missiyası (EUMA) fevralın 20-də öz işinə başlayıb. Mülki üzvlər istisna olmaqla, missiya üzvlərinin ümumi sayı, təqribən 50 nəfər silahsız müşahidəçi də daxil olmaqla, 100 nəfərə yaxındır.

Ermənistanın sərhəddə yerləşən rayonlarında sabitliyə şərait yaratmaq, Qarabağ münaqişəsindən zərər çəkmiş regionlarda etimadı və təhlükəsizliyi möhkəmləndirmək, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına şərait yaratmaq məqsədinə xidmət edən missiya 2 il müddətinə nəzərdə tutulub.(Turan)

Bənzər yazılar

Back to top button