Cəmiyyət

Erkən nikahların sayı azalır, lakin problem qalır

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda nikaha daxil olan qızların 137-si 15-17 yaş arasında olub.

Azərbaycanda rəsmi nikah yaşı 18 yaşdır, yalnız istisna kimi qızlarda 17 yaş ola bilər. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında da müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Erkən nikah və yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi xəbərləri zaman-zaman sosial şəbəkələrdə və rəsmi məlumatlarda yer alır.

Sentyabrın 28-də sosial şəbəkədə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddiaları yayılıb. Gənc qız bildirib ki, 11-ci sinifdə oxuyur, ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb, iki həftədən sonra toyları olacaq.

Daxili İşlər Nazirliyindən isə həmin iddialarla bağlı araşdırmalara başladığı bildirilib.

Rəsmi statistikaya görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idi.

Azərbaycan qanunverciliyinə əsasən nikah yaşına çatmayan şəxsin evləndirilməsinə yol verilmir. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan şəxsi evlənməyə məcbur edən şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ölkədə həmçinin «Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası»nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı da mövcuddur.

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa Turana bildirib ki, bu hallara xaricdə uşaq evliliyi deyirlər. «Azərbaycanda da nikah qanuni aktdır və qanunsuz nə baş verirsə, bu nikah kateqoriyasına girmir».

Onun sözlərinə görə, bu, cahilliklər bağlı problemdir. «Bu, yerlərdə hansısa sosial mühitin, ictimai qınağın olmamasından qaynaqlanan bir haldır. Bir çox bölgələrdə buna adi hal kimi baxılır. Buna qarşı mübarizə aparılmalıdır. Ən azı belə erkən evliliklərin qarşısı alınmalıdır».

Deputat qeyd edib ki, dövlət qurumları erkən evliliklərlə mübarizə aparır. «Bu istiqamətdə çox ciddi mübarizə aparılır və bu əməllərin törədilməsində iştirak edən şəxslər, o cümlədən valideynlər məsuliyyətə cəlb olunur».

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, adətən belə statistika doğuşla müəyyən olunur. «2011-ci ilə baxanda erkən nikahların sayı azalıb, amma pandemiya zamanı bir çox nəzarət mexanizmlərin zəyifləməsi, məktəblərin işləməməsi, monitorinq imkanların olmaması erkən nikahların artmasına səbəb oldu».

Hüquq müdafiəçisinin fikrincə bu halların baş verməsini yalnız iqtisadi faktorla əlaqələndirmək düzgün deyil. «Əslində isə bu hərəkətlərə yol verən şəxslərdən bunun səbəblərini öyrənmək lazımdır. Öyrəndikdən sonra isə digərlərlə maarifləndirmədə məhz bu yöndə təbliğat aparmaq lazımdır. Bunu edənlərin əksəriyyəti güya ətrafda əxlaqsızlığın yayılmasını bəhanə gətirərək qızın erkən ərə verilməsində iştirak edirlər. Belə olan halda qızların, qadınların təhlükəsizliyini gücləndirmək lazımdır».

Təşkilat rəhbərinin sözlərinə görə, cəza tədbirlərin tədbiqi erkən nikahların azalmasına səbəb olur. «Amma proses yenə də davam edirsə, deməli bunun tam dayandırılmasına mane olan hansısa amillər var. Bu amillər tam öyrənilib aradan qaldırılmalıdır».

O, qeyd edib ki, erkən nikahlarla bağlı real statistika daha yüksəkdir. «Bu rəsmi statistika yalnız doğuş prosesinə əsasən götürülüb. Amma hər erkən nikahda doğuş olmur. Ona görə də real say daha çoxdur və belə latent cinayətlərdə dəqiq statistikanı vermək çox çətin olur».

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm də bildirib ki, dövlət qurumları erkən nikahlarla ciddi mübarizə aparmır. «Adətən erkən nikahlar kənd yerlərində baş verir. Elə yerlərdə isə hamı bir birini tanıyır deyə, məsuliyyətə cəlb etmə səviyyəsi o qədər də yüksək deyil».

O, qeyd edib ki, qanunda «yetkinlik yaşına çatmayan şəxsi zorla ərə verilməsi» yazılıb deyə, manipulyasiya üçün fürsət var. «Bəzi hallarda şəxsləri məsuliyyətdən azad etmək üçün bundan istifadə edirlər».

Hüquq müdafiəçisinin sözlərinə görə, 9-cu sinifdən və daha tez məktəbdən çıxarılan qızlarla bağlı aidiyyatlı dövlət qurumlar bir çox hallarda maraqlanmır. «Amma işi elə ondan başlamaq lazımdır ki, hər kəs məktəbə gəlməlidir».

O, hesab edir ki, statisikaya düşən erkən nikahların sayı belə nikahların real sayından dəfələrlə azdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin rəhbəri Elgün Səfərov Turana bildirib ki, azyaşlı uşaqların nikaha verilməsi yolverilməzdir.

Onun sözlərinə görə, 2012-ci ildə həmin rəqəmlər 2 minə yaxın idisə, son illər bu rəqəm aşağı düşüb. «2020-ci pandemiya ilində 156 fakt təşkil edirdisə, 2021-ci ildə 137 fakt var. Əhalinin faiz dərəcəsini müqayisə etsək, Gürcüstan, Türkiyə, Ermənistan və Rusiyada uşaq nikahların sayı Azərbaycandan daha çoxdur».

Komitə rəsmisinin sözlərinə görə, bu da o demək deyil ki, 137 rəqəm qaneedicidir. «Hər faktla bağlı preventiv tədbir görülməlidir. Dövlət Komitəsi uşaq nikahları aradan qaldırılması məqsədilə araşdırma keçirir ki, hansı regionlarda bu daha çox təşkil edir və nəticələrə əsasən maarifləndirici tədbirləri gücləndirir və aparır».

Bənzər yazılar

Back to top button