GündəmSiyasət

ABŞ-dan Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insidentə – Reaksiya

“Biz martın 5-də Dağlıq Qarabağda beş nəfərin ölümünə səbəb olan atışma hadisəsi ilə bağlı xəbərləri izləyirik, başa düşürük. Yaralanan və həlak olanların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə heç vaxt qəbuledilməzdir”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri ötən gün – martın 6-da mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, sülhün qorunmasının yeganə yolu danışıqlar masası arxasında oturmaqdır və gücdən istifadə danışıqlara xələl gətirir:

“Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono irəliyə doğru yeganə yolun birbaşa dialoq və diplomatiyadan keçdiyini vurğulamaq üçün regiondadır. Və katibin vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

Nəticə – bizim üçün ən aydın nəticə tərəflərin özləri arasında davamlı birbaşa dialoqun və müzakirənin vacibliyidir. Bu, tərəflər üçün mütləqdir. Biz hər iki ölkə üçün tərəfdaş rolunu oynamışıq, həm xarici işlər nazirləri arasında, həm də liderlər səviyyəsində üçtərəfli əsasda danışıqlara şərait yaratmışıq. Biz – istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli qaydada – davamlı sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsində tərəfdaş olmağa hazırıq”.

N. Prays deyib ki, ABŞ iki ölkə arasında vasitəçi deyil:

“Biz iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkə ilə münasibətlərimizin xarakterini, iki ölkəni bir araya gətirmək bacarığımızı, Ermənistan və Azərbaycan arasında münasibətlərdə əlavə irəliləyiş əldə etməyə kömək etməyə hazır olduğumuzu nümayiş etdirdik.

Biz bunu Moskva ilə rəqabət vasitəsi kimi etmirik. Biz bunu bu iki ölkə arasında uzun müddətdir davam edən problemin və təəssüf ki, martın 5-də olduğu kimi ardıcıl olaraq insanların həyatına son qoyan münaqişənin həllinə nail olmaq üçün edirik. Burada bizim marağımız sülh və təhlükəsizlikdir. Bu, Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur”.

Qeyd edək ki, Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatların daxil olması barədə məlumat yayıb. Bildirilib ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.

Bənzər yazılar

Back to top button