İqtisadiyyatManşet

Akim Bədəlovun günəş enerjisi layihələri qaranlığa qərq olub – ARAŞDIRMA

Azərbaycan ortamüddətli dövrdə külək və günəş enerjisi istehsalı potensialını kəskin artırmaqla Avropanın yaşıl enerji təchizatçılarından birinə çevrilməyi hədəfləyir. Bu hədəfə çatmaq üçün çox yüksək maliyyə tutumlu layihələr hazırlanır. Layihələrin icrası, maliyyələşdirilməsi özəl şirkətlər tərəfindən həyata keçiriləcək. Azərbaycan hökuməti layihələrə dünyanın ən nüfuzlu enerji şirkətlərini cəlb etməyə çalışır…

Amma 12-13 il əvvəl planlar fərqli idi: dövlət vəsaiti hesabına böyük gücdə bərpa olunan enerji istehsalı şəbəkəsi yaradılması layihələndirilirdi. Və bu planlardan “bəhrələnmək” istəyənlər az deyildi…

Dünyanın bərpaolunan və alternativ enerjiyə sürətlə meylləndiyi 2004-cü ildə Azərbaycanda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilib, 2009-cu ildə Sənaye və Energetika Nazirliyi nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, 2010-cu ilin yanvarında Akim Bədəlov ona direktor təyin edilib. 2012-ci ilin iyulunda onun bazasında müstəqil Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti formalaşdırılıb, 2013-cü ilin fevralında isə şirkət yenidən agentliyə çevrilib

Yuxarıda adını çəkdiyimiz proqramın icrası üzrə tədbirlər planında 2005-2007-ci illərdə “yerli elmi-texniki potensialdan və xammaldan istifadə etməklə günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş əmsalının artırılması və onların istehsalına başlanması” nəzərdə tutulurdu.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş əmsalının artırılması”na necə nail olduğuna dair heç bir açıqlama olmasa da, onların istehsalı üçün zavodun qurulduğu məlumdur: 2012-ci ildə Sumqayıtda “Agüntex” led lampalar və günəş panelləri zavodunun açılışı baş tutub.

Aprel ayında baş tutan açılış mərasimində agentliyin rəhbəri Akim Bədəlovun Prezident İlham Əliyevə verdiyi məlumatdan aydın olur ki, zavodun inşasına 2011-ci ilin yanvarında başlanıb. Zavodun “Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında” yaradılan Günəş modulları xətti istifadəyə hazır olub. Bu xətt hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən “beynəlxalq standartlar səviyyəsində” panel istehsal edəcəkdi.

Maraqlıdır ki, zavod dövlət maliyyəsi ilə yaradılsa da, onun təsisçisi kimi Akim Bədəlovun qızı çıxış edib. Belə ki, “Azgüntex” MMC yaradıldığı zaman təsisçiləri kimi Aygün Akim qızı Bədəlova, Akifə Şərif qızı Möhsünova qeydə alınıb. Adıçəkilən şəxslər Akim Bədəlovun qızı və yaxın qohumudur.

Hazırda zavod fəaliyyətsizdir – çünki sifarişlər yoxdur. 2019-cu ildə Prezidentin imzaladığı fərmanla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib. 2020-ci ildə onun bazasında yenidən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi formalaşdırılıb, agentliyin əmlakı ona verilib.

Energetika Nazirliyindən verilən məlumata görə, bərpa olunan enerji müəssisələrini özəl şirkətlər yaradır. Onlar isə yerli zavodun məhsullarından istifadə etmirlər. Əslində Azərbaycanda heç kim “Azgüntex”dən məhsul almır, çünki onun qiyməti xaricdən gətirilən və daha keyfiyyətli olan panellərdən baha çıxır.

Halbuki 2015-ci ildə A.Bədəlovun Almaniyaya səfəri barədə mətbuata verilən açıqlamada Almaniya şirkətlərinin Azərbaycanda istehsal olunan günəş panellərini alacağına dair razılığa gəlindiyi bildirilirdi. Xarici ticarət statistikasına nəzər yetirsək görərik ki, belə bir ixrac reallaşmayıb. Əslində həmin məlumat agentlik tərəfindən məqsədyönlü şəkildə yayılmışdı: dövlətin on milyonlarla manatı hesabına qurulan zavodun məhsuluna xaricdən maraq olduğu görüntüsü yaratmaq üçün. Məlumdur ki, 2014-2015-ci illərdə dünya bazarında neftin qiyməti kəskin enmişdi, gəlirlər azalmışdı. Bu üzdən Azərbaycanda ciddi böhran yarandığına görə büdcə xərclərinin xeyli ixtisarı baş vermişdi. Dövlət ən zəruri layihələri maliyyələşdirirdi və bərpa olunan enerji istehsalı bu layihələr sırasına daxil deyildi. Agentliyin keçmiş sədr müavini Cəmil Məlikovun mətbuata verdiyi məlumatdan aydın olur ki, 2016-cı ildən qurum faktiki olaraq fəaliyyətsiz qalıb: ona publik hüquqi şəxs statusunun verilməsi nəzərdə tutulsa da, bu, baş verməyib, sonda tamamilə ləğv olunması qərarına gəlinib.

Dövlət büdcəsi layihələrinə baxdıqda, məlum olur ki, 2016-cı ildə agentliyin saxlanmasına 4 milyon 694 min 354 manat, 2017-ci ildə 4 milyon 241 min 917 manat, 2018-ci ildə 6 milyon 995 min manat, 2019-cu ildə 4,6 milyon manat ayrılıb. Açıq mənbələrdən bu vəsaitin hara sərf olunduğuna dair məlumat tapmaq mümkün deyil.

Eyni qaranlıq “Azgüntex” zavodunun, işə salınan GES-lərin, həmçinin uşaq bağçası və məktəblərdə qurulan günəş panellərinə büdcədən ayrılan vəsaitlərlə bağlı da hökm sürür. Agentliyin hüquqi varisi olan Energetika Nazirliyindən, həmçinin Maliyyə Nazirliyindən bu barədə sorğumuza cavab ala bilmədik. Amma dövlət büdcəsinin investisiya qoyuluşu xərclərinin bölüşdürülməsinə dair Nazirlər Kabinetinin qərarlarından aydın olur ki, 2010-cu ildə dövlət büdcəsinin investisiya xərclərindən agentliyə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər” layihəsinin icrası üçün 40 milyon manat, 2013-cü ildə yenə həmin xərclərdən Xızıda, Naxçıvanda və digər ərazilərdə alternativ enerji stansiyalarının qurulması üçün 20 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, 2010-cu ildə ayrılan 40 milyon manat indi fəaliyyətsiz qalıb, on minlərlə manat vergi borcu yığılan zavodun qurulmasına sərf olunub.

Fəaliyyəti dövründə agentlik rəhbərliyi çoxsaylı günəş elektrik stansiyalarının işə salınacağını bəyan edib. Agentlik həmçinin 2018-2020-ci illərdə Strateji Yol Xəritəsi çərçivəsində kommunal xidmətlərin inkişaf etdirilməsi məqsədilə dəyəri 13 milyon manata yaxın olan 23 layihə reallaşdırmağı planlaşdırırdı.

Lakin agentliyin belə layihələrinin taleyi açıqlanmır. Halbuki bir sıra layihələr barədə çoxsaylı məlumatlar var. Məsələn, 2,8 Mvt gücündə Sumqayıt GES-in tikintisinin 2015-ci ildə başa çatdığı bildirilir. 2018-ci ildə Sahil GES işə salınanda C.Məlikov Sumqayıt GES-in də tezliklə işə salınacağını deyib. Lakin bu stansiyanın işə salınmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil. Eyni sözləri Səngəçal GES barədə də söyləmək mümkündür.

Energetika Nazirliyindən sorğumuza verilən cavabda hazırda Azərbaycanda 30 su elektrik stansiyası, 4 külək elektrik stansiyası, 8 günəş elektrik stansiyası, 3 hibrid elektrik stansiya və 1 ədəd bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyət göstərdiyi bildirilir. Nazirlik GES-lərdən yalnız Sahildəkinin adını qeyd edib.

Bundan əlavə, Səngəçal ərazisində xeyli sayda günəş panelləri quraşdırılıb, lakin onların işə salınıb-salınmadığı bilinmir. Rəsmi dövlət mətbuatının 2015-ci ildə yaydığı məlumatda 2016-cı ildə işə salınacaq Səngəçal Günəş Elektrik Stansiyasında 36 minə yaxın günəş panelinin quraşdırılmasının nəzərdə tutulduğu qeyd olunmuşdu. Məsələ ilə bağlı 2018-ci ildə “Yeni Müsavat”ın suallarına agentlikdən verilən cavabda qeyd olunurdu ki, Səngəçal GES-in tikintisinə hələ başlanmayıb və ilkin hesablamalar göstərir ki, layihənin həyata keçirilməsi üçün təqribən 18-20 milyon manat həcmində maliyyə vəsaiti tələb olunur.

Agentliyə məxsus Yaşma KES-lə bağlı məsələyə agentliyin keçmiş sədr müavini C.Məlikov aydınlıq gətirib. Onun verdiyi məlumata görə, Yeni Yaşmadakı külək enerji müəssisəsini agentlik deyil, Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi tikib-quraşdırıbmış. Məlum Beynəlxalq Bank işindən sonra dövlət onu agentliyə verib: “Bu avadanlığı işlətmək üçün pul xərcləmək lazımdır. Müraciət etdik ki, büdcədən bunun üçün bizə 25 mln. manat vəsait ayrılsın. Qərara alındı ki, elektrik stansiyasını “Azərişığ”a verilsin. Çünki “Azərişıq” üçün 25 milyon, lap 50 milyon manat problem deyil. Onun gündəlik gəliri var, milyonlarla dövriyyəsi var. Öz vəsaiti hesabına bu stansiyanı axıra çatdırıb işləməyini təmin etməyə qadirdir”.

Maraqlıdır ki, C.Məlikov “Yeni Müsavat”a bildirib ki, keçmiş ABOEMA tərəfindən Bakı ətrafında quraşdırılan bütün günəş panelləri işə salınaraq enerji şəbəkəsinə qoşulub. Eyni cavabı biz Energetika Nazirliyindən də aldıq.

Keçmiş ABOEMDA-nın “Azgüntex” zavodu, GES-lər, məktəb, uşaq bağçaları və sair ictimai binalarda günəş panellərinin quraşdırılması layihələrinə sərf etdiyi vəsaitlərlə bağlı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hər hansı nəzarət yoxlaması həyata keçirilməyib. Hesablama Palatası 2016-cı ildə dövlət büdcəsindən 2014-2015-ci illərdə, həmçinin 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və onun tabeliyində olan “Azalternativenerji” MMC-yə (Cəmiyyət) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı audit həyata keçirib. Audit aparatın və cəmiyyətin saxlanılması üçün dövlət büdcəsindən ayrılmış 7,3 milyon manat, həmçinin cəlb edilmiş 2,5 milyon manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 milyon manat məbləğində vəsaiti əhatə edib.

Audit göstərib ki, agentliyə məxsus 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) 2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46,0 faizini təşkil edib: “Layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Müəyyən edilib ki, bəzi hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi tam təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi uçota alınmayıb, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməyib”.

Palatanın auditinin nəticələri ilə bağlı hər hansı əlavə araşdırma aparılmayıb. Faktiki olaraq, bir dövlət qurumu dövlətə məxsus on milyonlarla manatı müstəqil fəaliyyət qabiliyyəti olmayan müəssisənin yaradılmasına sərf edib. Və buna görə həmin qurumun məsul şəxslərinə hər hansı irad bildirilməyib…

Bənzər yazılar

Back to top button