Dünya

Türkiyədə müxalif blokun idarəçilik sistemini dəyişdirmə həmləsi (ŞƏRH)

Sistemin dəyişməsiylə artan təzyiqlərin müxalif ittifaqın sıralarını genişləndirəcəyi şübhə doğurmurdu. Bu genişlənməyə iqtidar partiyasından ayrılanların da öz töhfəsini verməsi sürpriz kimi qarşılanmayacaqdı. Bunu tələb edən isə demokratik sistemin funksionallığıdır və altı partiya liderinin müxalif ittifaqın sıralarını genişləndirmək üçün bir araya gəlməsi, hər şeydən əvvəl, o funksionallığın göstəricisi kimi dəyərləndirilməlidir. Sistemin içindəki qeyri-məhdud demokratiya məşqləri iqtidara gedən yolu hamarladığı kimi toplumun dəstəyi də o məşqlərdən sonra meydana çıxan mənzərəyə görə şəkillənir. 1989-cu ilin martında keçirilən bələdiyyə seçkisində iqtidardakı Ana Vatan Partiyasının ağır məğlubiyyəti ortaya çıxar-çıxmaz müxalifətin ikinci partiyasının lideri Süleyman Demirel, müxalifətin birinci partiyasının lideri Erdal İnönünün qapısını bu təkliflə döymüşdü: ”İlk parlament seçkisində iqtidara gəlmək istəyiriksə, bu protokolu imzalamalıyıq: seçkidən kim birinci çıxacaqsa, ikinci partiya onun hökuməti qurmasına dəstək verəcək və koalisiya hökuməti qurulacaq.” Düz 30 aydan sonra Türkiyəni Doğru Yol – Sosial Demokrat Xalqçı Partiyası koalisiyası idarə etməyə başlamışdı. Altı partiya liderinin biraraya gəlməsinin əsas səbəbi, şübhəsiz ki, seçkidə əməkdaşlıq edib 20 ilin iqtidar partiyasını demokratik yollarla hakimiyyətdən uzaqlaşdırmaqdır – demokratiya bunun üçün var olmalıdır, dünya siyasət müntəxabatına Azərbaycanın bəxş etdiyi “avtobus müxalifəti”-nə belə şeylər lazım deyil. Türkiyə siyasətini 30 ildən bəri içəridən izləyən bir adam kimi altı müxalifət partiyası liderinin içində, bütün vədlərə baxmayaraq, təmsil etdiyi siyasət fəlsəfəsindən və siyasi dünyagörüş prinsiplərindən əsla geri addım atmayan 81 yaşlı Temel Karamollaoğlunun təqdiri ən çox haqq etdiyini deməliyəm. Karamollaoğlunun mövqeyi siyasətdə əxlaqın ən mühüm məsələ olduğunu bir daha təsdiqlədi. 81 yaşlı Karamollaoğlu ilə (Saadet Partiyası) 44 yaşlı Gültekin Uysalın (Demokrat Partiyası) müxalif ittifaqda konsensusa gəlməsi Türkiyə demokratiyasının çox böyük qazancı olduğu kimi, Ahmet Davutoğlu ilə Ali Babacanın AKP-dən ayrılaraq yeni partiya yaratmaları da siyasətin müsbət xanəsinə yazılan cəsarətli addımlardır (dünənə qədər eyni cərgədə olduğunuz liderlə bu gün fərqli qütblərdə olmağınız, Fəzail Ağamalının xoşuna gəlməsə də gərək bağışlasın, bunların hamısı demokratik ortamdakı siyasətin tələbləridir və keçmiş baş nazir Davutoğlunun da baş nazirin iqtisadiyyata cavabdeh keçmiş müavini Babacanın da bu gün salon və meydanlarda cənab Erdoğan ilə “kəllə-kəlləyə gəlmələrini” siyasətin sağ-mühafizəkar təbəqəsinin bir qismi tələb edir və bu adamlar o tələbə cavab verirlər). Altı partiya liderini birlikdə yola çıxaran parol “Prezident idarəçiliyinin dəyişdirilərək parlamentar sistemə geri qayıdılması” olub, şübhəsiz, bunun üçün iqtidara gəlmək birinci şərtdir. Dövlət banklarının olan-qalan imkanları səfərbər edilərək valyutanın məzənnəsinin təzyiq altında saxlandığı bu günlərdə xəzinə və maliyyə nazirinin Londona borc, dövlət başçısının isə Abu-Dabiyə pul tapmağa getməsi Katardan sonra Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə münasibətlrin yumşaldıması sahəsində atılan addımların geri dönülməz şəkildə davam edəcəyini göstərir. Buraya İsrail ilə münasibətlərin normallaşdırılması niyyətləri də əlavə ediləndə bahar və yaya doğru getdikcə iqtisadiyyatın müəyyən qədər rahat nəfəs ala biləcəyi düşünülə bilər. İqtidar partiysının bunu fürsət bilərək vaxtından əvvəl parlament seçkisi qərarı qəbul edib-etməyəcəyi barədə proqnoz vermək isə çətindir.

Altı müxalif liderin yanında hal-hazırda parlamentin üçüncü partiyası olan kürd təmayüllü Xalqların Demokratiya Partiyası (HDP) liderlərindən birinin olmamasını (həmsədrlik sistemiylə idarə edilir)-nə qədər qəribə olsa da nə HDP ürəyinə salır nə də müxalifət bloku bu barədə şərhlər verməyə ehtiyac hiss edir. Bunun bir neçə səbəbi var ki, onlardan birincisi – başda hörmətli Erdoğan olmaqla, dövləti və AKP-ni idarə edənlərin bu partiyanı terror təşkilatının üzvi parçası kimi təqdim edərək, kürd təmayüllü partiyaya salam verən digər müxalif siyasi qurumları da “terrorçu” kateqoriyasına daxil etməyə çalışmasıdır. Bunu HDP də yaxşı bilir və rəsmiyyətdə müxalif bloka yaxın görünməməyinə rəğmən seçkilərdə gizli dəstək verir – məsələn, 23 iyun 2019-cu ildə İstanbulda təkrarlanan bələdiyyə seçkisində Ekrem İmamoğluna verilən səslərdə kürd təmayüllü partiyanın xeyli səsi vardı. Birbaşa dövlət başçısı Erdoğanın təşəbbüslərinə baxmayaraq,mövcud vəziyyətdə kürd siyasi hərəkatının iqtidar partiyasıyla yaxınlaşmadığını və müxalif bloka məsafəli kimi görünsə də əslində bütün hesablarını seçkiyə indeksləndiyinə görə, nəhayətdə kürd təmayüllü seçicilərin yönələcəyi ünvan da bülletenlər sayılanda dəqiq şəkildə ortaya çıxacaq. Bu seçici kütləsinin qaneedici şərtlərdə AKP-yə yönəlməsi də sürpriz sayılmayacaq.

Sosialist dünyagörüşlü seçici kütləsinin müxalif bloka girməməsinin bir neçə səbəbi var. Birincisi-kiçik sosialist partiyaları idarə edənlər Türkiyə əhalisinin əvvəl-axır sol dünyagörüşünə əhəmiyyət verməyə başlayacağına inanır və buna görə öz kütləsinin sayını artırmağa çalışır. İkincisi isə-müxalif bloka daxil olub oradakı böyük partiyaların içində əriyib-getmə ehtimalını nəzərə alaraq, mövcud vəziyyətdə kənardan durmağın daha məqsədəuyğun olduğunu düşünürlər…

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button