ManşetSiyasət

Ekspertin medianın fəaliyyəti haqqında qanunun pozulmasına görə yeni cərimələr haqqında şərhi

Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr müəyyən edilir. Bu, Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media Haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altıyüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklik isə informasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimədir. Bu dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manata qədər, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manata qədər, hüquqi şəxslər iki min manatdan üç min manata qədər cərimə olunacaq.

Bundan əlavə, media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Sonda layihələr səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Öz növbəsində, media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bu cərimlərin yeni olmadığını deyir. Onun fikrinə görə, buna baxmayaraq, bu dəyişikliklər jurnalistləri xeyli incidəcək bir məsələ olacaq.

“Bunlardan bəziləri qanunvericilikdə onsuz da var idi. Məsələn, jurnalistin qanuni sorğusuna cavab verməmək 500 manatadək cərimə olunurdu indiyə qədər. Bu günə qədər, demək olar ki, tətbiq olunmayan normadır. Heç bir dövlət qurumuna qarşı bu, tətbiq oluna bilmirdi. Hətta son olaraq 2022-ci ildə bununla bağlı Ombudsman bir qərar vermişdi. Onu da məhkəmə ləğv elədi. Faktiki olaraq, bu işləməyən bir müddəadır. Bunun bir mənası yoxdur. Təəssüf ki, bu istiqamətdə jurnalistlərin sorğuları zaman-zaman uzun müddətdir cavabsız qalır. Hətta məhkəmə proseslərində öhdəlik olsa belə, sonra məhkəmə qərarı ilə öhdəlik qoyulsa belə, onlar icra olunmur”.

Onun sözlərinə görə, qanunvericilikdə əvvəllər də jurnalistin işinə mane olmağa görə inzibati cəza normaları var idi. Amma onlar heç vaxt tətbiq edilməyib. Məsələn, indiyədək heç bir polis əməkdaşı jurnalistlərin etiraz aksiyalarında çəkiliş aparmasına maneə törətdiyinə görə cəzalandırılmayıb.

Ekspert həmçinin jurnalistlərin qadağan olunmuş məlumatın dərc edilməsinə görə cəzalandırılması məsələsinə də toxunub. O, bu məsələ ilə bağlı məhkəmə təhqiqatı aparılmadan prokurorların inzibati məsuliyyət haqqında qərar qəbul etməsini doğru hesab etmir.

Bu hüquq pozuntusuna görə 3 min manat cərimə müəyyən edilir ki, bu da media subyektlərinin gəlirinin az olması fonunda böyük məbləğdir. Bu, media üçün çəkindirici rol oynayacaq və onun azadlığını məhdudlaşdıracaq.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button